İran kartof bazarımızı "işğal edir" - öz kartofumuza nə gəlib?..
Kamran Məmmədli: “Kartof istehsalı mövcud tələbatdan çox olsa da, hələ də idxaldan asılılıq davam edir”
İrandan Azərbaycan bazarına idxal olunan kartof digər xarici ölkələrlə müqayisədə artıb.
Qeyd edək ki Azərbaycanda kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan kartofçuluğa maraq həmişə yüksək olub. Bu da ölkədə kartof istehlakının yüksək həddi ilə bağlıdır. Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var: yeməklərimizin çox böyük hissəsi kartofla bişirilir. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Buna görə də ölkə üzrə istehlak olunan kartofun 90 faizə yaxını məhz əhalinin şəxsi istehlakıdır.
Hazırda kartof istehsalı üzrə ixtisaslaşan bölgələr var. Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və digər ərazilərdə bu məhsil əkilir. Buna baxmayaraq, kartof idxalı artır. Maraqlıdır, Azərbaycan özünü niyə kartofla təmin edə bilmir?
“Azərbaycanın kartof idxalından asılılığı azaltması, habelə xarici bazarlara ixrac üçün imkanlar əldə etməsi üçün bu soyuducu anbarların sayının artırılmasına xüsusi ehtiyac var”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qida rasionunda önəmli yer tutan kartof istehsalı mövcud tələbatdan çox olsa da, hələ də idxaldan asılılıq davam edir. Bunun da əsas səbəbi saxlanma şəraitinin olmaması ilə bağlıdır. Tədarük olunan bəzi kənd təsərrüfatı məhsulları, eləcə də kartof xüsusi saxlanma şəraiti tələb edir: “Azərbaycanın kartof idxalından asılılığı azaltması, habelə xarici bazarlara ixrac üçün imkanlar əldə etməsi üçün bu soyuducu anbarların sayının artırılmasına xüsusi ehtiyac var. Bu, bazarda bolluğun yaranmasına gətirib çıxarar və qiymət artımının qarşısını alar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, kartof strateji məhsuldur və istehlakçılar bu məhsuldan daha çox istifadə edirlər: “Onu da deyim ki, əkinçilərin kartof becərilməsinə olan marağı azalıb. Əkinçi kartofu min bir əziyyətlə əkib-becərir, yetişəndə isə məhsulu əlində qalır. Çünki saxlanma anbarları yox səviyyəsindədir. İdxal məhsulları isə öz növbəsində baha qiymətə satışa çıxarılır və bir çox hallarda orqanik olmur”.
Günel CƏLİLOVA