Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb. Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar. Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır.
Beləliklə, vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.
Qeyd edək ki, bir neçə gün bundan öncə Tavuşda sərhədlərin demarkasiyası prosesinə etiraz edən bir sıra erməni saxlanılıb. Saxlanılanlar Noyemberyan polis bölməsinə aparılıb. Onların hamısı azadlığa buraxılıb, lakin politoloq Suren Petrosyan həbs edilib.
Xatırladaq ki, aprelin 22-də Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb. Təşkilat üzvləri Tavuş vilayətində insident törətdiklərinə görə saxlanılıb.