Azərbaycanda siqaret istehsalçı və idxalçıları ciddi nəzarətə götürülür - Reyestr...
Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir.
Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb.
Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət var.
Bu dəyişiklik tütün məmulatları istehsal və idxalçılarına necə təsir göstərəcək?
Elşad Məmmədov: “İdxal-ixrac əməliyyatları ilə bağlı müəyyən tənzimləyici addımların atılmasına ehtiyac var idi”
İqtisadçı Elşad Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, idxal-ixrac əməliyyatları ilə bağlı müəyyən tənzimləyici addımların atılmasına ehtiyac var idi. Dövlətin buradakı rolunu, tənzimləmə mexanizmlərinin aktiv şəkildə tətbiq edilməsini heç bir halda inkar etmək olmaz: “Bu, daxili bazar və real istehsal sektorundakı vəziyyətin inkişafında böyük problemlərə səbəb ola bilər. Son aylar ərzində idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı ilk növbədə Dövlət Gömrük Komitəsi tərəfindən irəli sürülən təşəbbüslər müsbət dəyərləndirilməlidir. Uzun illər ərzində real olaraq həmin sahə ilə heç bir bağlılığı olmayan fiziki və hüquqi şəxslər vasitəçilik missiyası hesabına böyük vəsatlər əldə edirdilər. Bir çox hallarda onların fiskal öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı böyük problemlər olurdu. İstehlakçılar da problemlərlə üzləşirdilər. Çünki bunların hamısı məhsulun son qiymətində əks olunurdu. Yerli istehsalçılar problemlərlə üzləşirdilər. İdxal həcminin çoxalması və pul-kredit siyasətinin sərt olması idxalatı yerli istehsaldan daha əlverişli edirdi. Əminəm ki, gömrük mexanizmlərinin aktiv şəkildə tətbiq edilməsi nəticəsində bazarlardan idxal-ixrac əməliyyatlarının vasitəçilərinin maksimum şəkildə götürülməsini təmin etmək olar. Bu, bir tərəfdən real istehsalata dəstək olar, digər tərəfdən də idxal olunan məhsullarla bağlı müvafiq tənzimləyici mexanizmləri reallaşdırmağa imkan yaradar”.
Kamran Məmmədli: “Əhalinin sağlamlığının təmin olunması və sui-istifadə hallarının qarşısının alınması üçün qanuna dəyişiklik edilib”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatları sanitar-gigiyena normalarına uyğun gəlmir. Həmçinin, bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı həyata keçirilirdi. Bu da əhalinin sağlamlığına təsir edir. Əhalinin sağlamlığının təmin olunması və sui-istifadə hallarının qarşısının alınması üçün “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib: “İstənilən sahədə qanun sərtləşməsi istər-istəməz aid olduğu sahədə qiymət artımına səbəb olacaq”.
Günel CƏLİLOVA