Bu "evlər" Azərbaycanın Çinlə əlaqələrinə sürətlə təsir edəcək...
Elşad Məmmədli: “Yüksək texnoloji korporasiya vasitəsilə keyfiyyətli məhsul istehsal edib Çin bazarına çıxarmağa cəhd göstərilməlidir”
Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin coğrafiyası son illərdə genişlənərək çoxsaylı sahələri əhatə etməkdədir. Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti çinli iş adamlarının və Çin şirkətlərinin Azərbaycana marağını artırıb və ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, texnologiyalar, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayə qoyuluşlarını stimullaşdırıb.
Eyni zamanda ölkəmizdə istehsal olunan məhsulların Çinə ixracı artıb. Elə bu səbəbdən də yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir. Bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfransdakı çıxışı zamanı bildirib.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çin Xalq Respublikası ilə iqtisadi əlaqələr getdikcə inkişaf edir.
Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması iqtisadiyyata və iki ölkə arasındaki münasibətlərə necə təsir edəcək?
“Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafını stimullaşdıran ən mühüm platformalardan biri də ticarət evlərinin fəaliyyətidir”
Iqtisadçı Elşad Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Çin Xalq Respublikası ilə əməkdaşlıq hər dövlət üçün önəmlidir. Çünki Çin son 30 ildə dünyanın mütərəqqi idarəetmə sistemini tətbiq və və təsbit etmiş ölkədir: “Bu ölkənin texnoloji bazardan imkanları genişdir. Onu da deyim ki, adıçəkilən ölkədə ticarət evlərinin açılması ilə kifayətlənmək olmaz. Bu ölkənin bazarı kifayət qədər mürəkkəb və rəqabət tutumludur. Həmin bazarda müvafiq seqment əldə etmək üçün məhsullar yüksək keyfiyyətli və qiymətlər də münasib olmalıdır. Ancaq logistika məsələsini də nəzərə almaq lazımdır”.
Həmsöhbətimiz hesab edir ki, yüksək texnoloji korporasiya vasitəsilə keyfiyyətli məhsul istehsal edib Çin bazarına çıxarmağa cəhd göstərilməlidir: “Ümumiyyətlə, Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafını stimullaşdıran ən mühüm platformalardan biri də ticarət evlərinin fəaliyyətidir”.
Günel CƏLİLOVA