Türkiyənin Egey sahillərinə kulinariya səyahəti edin...
Türkiyənin Egey bölgəsi qonaqları əsrlər boyu ənənəvi kulinariya mədəniyyətini əhatə edən unikal qastronomik təcrübədən həzz almağa dəvət edir.
Egey sahili ləzzətli zeytun yağları, bir sıra yerli göyərti və tərəvəzləri, təzə dəniz məhsulları, köhnə şərabçılıq ənənəsi və təsərrüfatdan süfrəyə fəlsəfəsini özündə birləşdirən kulinariya irsi ilə ölkənin davamlı mətbəxi üçün ən əhəmiyyətli yerlərindən biridir. Bölgə restoranları ilə məşhurdur, onların əksəriyyətinə klassik yeməkləri yeni üslubda təqdim edən istedadlı gənc aşpazlar rəhbərlik edir. “MICHELIN Guide” Egey dənizinin iki məşhur bölgəsi olan İzmir və Bodrumda bir neçə restoranı müxtəlif və yüksək keyfiyyətli menyularına görə tanıyıb.
Zeytun yağının önəmi
Əlverişli iqlimi və coğrafiyasına görə Egey sahilləri həmişə Anadolunun ən çox zeytun istehsal edən bölgələrindən biri olub. Bu köklü mədəniyyət və becərmə tarixi Egey mətbəxinin niyə zeytun və zeytun yağı ətrafında formalaşdığını da izah edir. Kəklikotu, rozmarin və ya nanə kimi otlarla hazırlanan ətirli zeytun yağı və təzə bişmiş çörək səhər yeməyinin əsasını təşkil edir. Zeytun yağları həmçinin salatlarda, qəlyanaltılarda, nahar və şam yeməklərində istifadə edilir. Burada yazın müjdəçiləri olan yaşıl lobya, badımcan və artişok kimi tərəvəzlər uzunömürlülüyün sirri olan zeytun yağının möcüzəsi ilə ecazkar dadlı yeməklərə çevrilir.
Egey mətbəxindəki digər məşhur ləzzətlər bölgəyə doğma olan Egey göyərtilərindən əldə edilir.
Balıq dolu masalar
Təbii ki, Egey mətbəxi münbit Egey dənizinin nemətlərini əhatə edir. Ayvalıkdan Alaçatıya, Bodrumdan Datçaya qədər Egey dənizinin sahil şəhərlərindəki restoranlarda çipura, levrek, orfoz, istiridye, ahtapot, kalamar və krevet daxil olmaqla ən təzə dəniz məhsulları təqdim olunur.
Əsrlərdir, davam edən üzümçülük
Rakı ilə yanaşı, yerli Egey üzümlərindən hazırlanan ləzzətli şərablar dəniz məhsulları ilə qəbul edilən ən yaxşı içkilərdir. Torpaq və iqlim şəraitinə görə Egey bölgəsi dünyanın ən arzuolunan coğrafiyalarından sayılır. Hara getsəniz, yollar sizi çoxəsrlik üzüm bağlarına, onların ləzzətli məhsullarına aparacaq.
Gözəl yemək
Türkiyənin Egey bölgəsi çoxsaylı gözəl yemək variantları təqdim edir. Son illərdə yenilikçi aşpazlar bu münbit bölgənin məhsulları və ənənələrini birləşdirən, Egey mətbəxinin ekoloji və mədəni davamlılığını nümayiş etdirən yüksək səviyyəli restoranlar açıblar.
Bu kontekstdə, xüsusilə də bölgənin ən məşhur turistik yerlərindən biri olan İzmirin Urla bölgəsində “təsərrüfatdan süfrəyə” anlayışı və “sıfır tullantı” yanaşması ilə restoranlarda yerli yeməklərdən dada bilərsiniz.
SAMİRƏ