Lerik məktəblisinə narkomaniya bəlası necə izah olundu...
Bəşəri bəla, “ağ ölüm” kimi tarixə düşən narkomaniya milyonlarla insanı hər an ölümə sürükləməkdədir. Qorxulusu odur ki, narkotik vasitələr daha çox gənclər, hətta məktəblilər arasında yayılır və istifadə olunur. Sağlam gələcəyini düşünməklə dünyanın əksər ölkələrində ona qarşı mübarizə aparılsa da, hələ ki problem öz aktuallığını saxlayır. Azərbaycanda narkomaniya ilə mübarizə daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Belə ki, maarifləndirmə, həm də inzibati qaydada mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hazırda hər bir vətəndaş narkomaniyaya, eləcə də gələcəyimizi uçuruma aparan digər ziyanlı vərdişlərə amansız münasibət göstərməlidir.
Bu məqsədlə Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektoru, Cəngəmiran ərazi nümayəndəliyi və Cəngəmiran kənd orta məktəbinin birgə təşkilatrçılığı sayəsində Cəngəmiran kənd Mədəniyyət Evində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir baş tutdu. Tədbirdə Lerik Rayon Polis Şöbəsinin rəisi müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, İcra Hakimiyyətinin əməkdaşı Anar Rəhimov, Mədəniyyət Məkəzinin direktoru Şəfahət Əliyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Cəngəmiran kənd orta məktəbimin direktoru Müqəddəs Mədətov, Cəngəmiran Ərazi İcra Numayəndəsi Əfqan Həsrətov, Cəngəmiran kənd Mədəniyyət Evinin əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri, pedaqoji heyəti, valideynlər və kənd sakinləri iştirak edirdilər.
Əvvəlcə Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, sonra mövzu ilə bağlı film nümayiş olundu.
Mövzu barədə çıxışında narkomaniya, erkən nikah və kibercinayətkarlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Polis Şöbəsinin rəisi müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev xüsusilə vurğuladı ki, bu gün dünyanı narahat edən ən dəhşətli problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyadır. Bu dəhşətli bəla insanların həyatına, sağlamlığına təhlükə yaradan, eləcə cinayətkarlığın artmasına səbəb olan amildir. Bundan xilas olmağın birinci yolu maarifləndirmədir. Bəli, yeniyetmə və gənclər arasında narkomaniya, eyni zamanda zərərli vərdişlərin yayılmasının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin böyük, həm də xüsusi əhəmiyyəti vardır. Nəticədə müasir cəmiyyətdə sağlam düşüncəli gənclər formalaşmaqla yeniyetmələrdə zərərli vərdişlərə düzgün təsəvvürlər yaranır. Gənc nəsli maarifləndirmək, həmçinin onlara nəzarəti gücləndirmək isə məktəbin, ailənin, ziyalıların ən ümdə borcudur.
Daha sonra söz alan Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev də bildirdi ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə aparılmasıdır. Ən əsası yeniyetmə və gənclərimizin narkomaniya, eləcə digər zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında daha dolğun, ətraflı fikrə sahib olması günümüzün vacib məsələsi olmalıdır.
Diskussiya şəklində davam edən tədbirin sonunda şagirdləri düşündürən suallar da öz dəqiq cavablarını polis polkovnik-leytenantı Anar Şıxəliyev tərəfində tapdı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü