Hamı Azərbaycanın 4 kəndi barədə razılaşmadan danışdı - tək İran hələ susur..
Bünyamin Qəmbərli: “İran bizimlə İsrailin dostluğunu, Avropanın da Ermənistana ayaq açmasını həzm edə bilmir”
Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşmasına ABŞ, AB və Türkiyədən reaksiyalar verilib. Onlar əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar verib.
Nədənsə, qonşu Tehrandan hələ ki, xəbər yoxdur. Niyə İranı iki ölkənin vasitəçilərsiz əldə etdiyi və sülhə aparan razılaşma qane etmir?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələ Minsk qrupu həmsədrlərinin vasitəçiliyi olan dövrdə dəfələrlə vasitəçilərdən imtina etməyin vacibliyini vurğulayıb: “Çünki hər bir vasitəçinin öz maraqları var. Bizim bir atalar misalı var. Deyir: “ Yarı gör, özün danış, ev yıxar ara sözü”. Hər dəfə çıxışlarımda vurğulayırdım ki, bu atalar sözünə əməl etmək lazımdır. Çünki onlar əvvəl öz maraqlarını təmin etməyə çalışır. Bölgədəki böyük güclərin hamısının marağı var. ABŞ-ın, Avropanın başlıca marağı bölgədə sabitliyin olmasıdır. Tranzit nəqliyyat vasitələri üçün rahat bir keçid məntəqəsinin yaradılmasını istəyirlər. İranın bu marağı yoxdur. Biz əvvəllər də dəfələrlə bildirmişik ki, İran müstəqil, güclü Azərbaycan görmək istəmir. Bunu həzm edə bilmir. Bu səbəbdən də hər zaman qarışdırıcı rol oynayır. Onun bu məsələdə sakit qalmasının əsas səbəbi budur ki, onlar sabitliyin olmasını qəti istəmir. Bu gün İranın başı özünə bərk qarışıb. İsrail İranı bir neçə dəfə bərk vurub. Əvvəl Suriyada, sonra İraqdakı qüvvələrini hədəfə aldı. Buna görə də o, mövqe bildirmək gücündə də deyil. Digər səbəb budur ki, İran bizimlə İsrailin dostluğunu, Avropanın da Ermənistana ayaq açmasını həzm edə bilmir. Əminəm ki, bu iki ölkə öz problemini heç bir vasitəçi olmadan həll edəcək gücdədir”.
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani aprelin 19-da jurnalistlərlə söhbətində Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma haqda bunları deyib:
“Ermənistan hakimiyyəti İrana məlumat verib ki, Azərbaycanla Almatı Bəyannaməsi əsasında, yəni beynəlxalq səviyyədə tanınmış sərhədlər əsasında razılaşmalar əldə edilir. Mənə verilən məlumata görə, beynəlxalq yolun keçdiyi ərazilər (Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu nəzərdə tutulur.) müqavilələrə daxil deyil”.
Sual yaranır: “beynəlxalq yolun keçdiyi ərazilər” Azərbaycan torpağına düşürsə, bunun müqaviləyə daxil edilib-edilməməsi İranı niyə narahat edir?
Azərbaycan öz haqqı olanı alır və alacaq. Əgər beynəlxalq yol məsələsində hər hansı güzəşt nəzərdə tutulursa, demək, rəsmi Bakı da eyni məntiqlə güzəşt tələb edir – məsələn, Zəngəzur üçün. Görünən budur ki, İran sadəcə bu uğuru həzm etmək istəmir.
Məhəmmədəli QƏRİBLİ