Azərbaycan Kiprin ümumtürk inteqrasiyasına daha bir imkan açdı...
Azər Həsrət: “Azərbaycan dövləti Şimali Kipr üçün şərait yaradır ki, bu dövlət tanınsın və qəbul edilsin”
Bu günlərdə Şimali Kipr Prezidenti Ersin Tatar Türkiyə, Azərbaycan və Şimali Kipr arasında birgə Pediatriya Təhsil Toplantısı keçirib. Toplantıda Şimali Kipr, Türkiyə və Azərbaycanın tibb sahəsində imkanlarını birləşdirməsinin vacibliyi qeyd edilib.
Qeyd edək ki, bu tip toplantılar Şimali Kiprin səsinin dünyaya çatdırılması və tibb sahəsində əməkdaşlığın inkişafı baxımından vacibdir.
Maraqlıdır, bu səpkidə olan tədbirlərin Şimali Kiprin tanınması, türk dünyasına inteqrasiyasının gücləndirilməsi istiqamətində nə kimi təsirləri olacaq?
“Şimali Kipr Türk Cumhuriyyətinin tanıdılması baxımından Azərbaycan ictimai rəyində çox böyük işlər aparılır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şimali Kipr Türk Cumhuriyyətinin tanıdılması baxımından Azərbaycan ictimai rəyində çox böyük işlər aparılır. Istər ölkə içində, istərsə də beynəlxalq platformalarda azərbaycanlılar əlindən gələni edir ki, Şimali Kipr dünya səviyyəsində tanınsın: “Bu dövlətin rəsmi şəkildə tanınması üçün əlimizdən gələni edirik. Məlum səbəblərdən Azərbaycan dövləti uzun müddət Şimali Kiprin tanınması, işbirliyi məsələsi ilə bağlı ehtiyatlı davranmalı idi. Ancaq son illər baş verən proseslərdən sonra Azərbaycan dövləti qardaş ölkənin rəsmi şəkildə tanınması, onunla işbirliyinin dərinləşdirilməsi üçün əlindən gələni edir. Bu baxımdan Şimali Kipr Prezidenti Ersin Tatarın bir müddət öncə ölkəmizə səfəri də qeyd edilməlidir. Ölkə başçısı İlham Əliyev Ersin Tatarı qəbul etdi, onunla birlikdə nahar etdi, fikir mübadiləsi apardılar. Türkiyə, Azərbaycan və Şimali Kipr arasında birgə Pediatriya Təhsil Toplantısının keçirilməsi, bu tip toplantıların sayının artması əhəmiyyətlidir. Onu da deyim ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. Bundan başqa, Şuşada keçiriləcək Türk Dövlətləri Zirvə toplantısında Şimali Kipr Prezidenti Ersin Tatarın da iştirakı nəzərdə tutulur. Azərbaycan dövləti Şimali Kipr üçün şərait yaradır ki, bu dövlət tanınsın və qəbul edilsin”.
Günel CƏLİLOVA