Erməni deputat: "İrəvan kiçik addımlarla Bakı ilə etimad mühiti yaratmağa çalışır"
İrəvan kiçik addımlarla Bakı ilə etimad mühiti yaratmağa çalışır və Tavuşda sərhədlərin delimitasiyası bu məntiqə uyğundur. Trend xəbər verir ki, bu barədə Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan jurnalistlərə deyib.
"Real siyasət konsensus əldə etməyin mümkün olduğu əraziləri müəyyən etmək və irəliləmək üzərində qurulub. Nəhayət, kiçik addımlarla qarşılıqlı etimad hər hansı mühüm qərarlardan daha vacibdir", - o deyib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.