"Cənubi Qafqazda xarici hərbçilərin iştirakı təhlükəsizliyə kömək etmir" – İran XİN
İran həmişə elan edib ki, xarici qüvvələrin Cənubi Qafqaza gəlişi, xarici hərbçilərin bölgədə iştirakı təhlükəsizlik və stabilliyə kömək etmir və bölgə xalqlarının mənafeyini təmin etmir.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik İranın önəmli əhəmiyyət kəsb edən prioritetlərindən biridir. Cənubi Qafqazda təhlükəsizlik bütün regionda təhlükəsizliyə təsir göstərir. Bu bölgədə hər hansı təhlükə və destabillik bütün regionda təhlükəsizliyə mənfi təsir göstərir.
İran XİN rəsmisi bildirib ki, Cənubi Qafqazda hərbi situasiyanı artırmaq istiqamətində istənilən strategiya bölgədə təhlükəsizlik şəraitini mürəkkəbləşdirəcək və bölgədə sülhü yaratmaq cəhdlərinə zərbə vuracaq. İran isə belə bir strategiyanı qəbul etmir.
Kənani əlavə edib ki, İranın strategiyası bölgədə sülh, stabillik və təhlükəsizliyi inkişaf etdirmək məqsədilə iki tərəf (Azərbaycan və Ermənistan) arasında ixtilafların həll edilməsi istiqamətində danışıqlar və mövcud və müəyyən mexanizmlərdən istifadə etməklə çoxtərəfli dialoqun aparılmasıdır.
Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşü keçirilib. Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.
Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər. Brüssel görüşündə gizlədilsə də, Ermənistanla hərbi pakt imzalandığı ortaya çıxıb.