Ermənistanda delimitasiya ilə bağlı komissiya yanında işçi qrup yaradıldı
Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi"məsələləri üzrə komissiya" yanında işçi qrupu yaradılıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə,həmçinin Voskepar, Kirants, Bağanis və Berkaber yaşayış məntəqələrinin inzibati rəhbərləri və sakinlərinin də daxil olacağı işçi qrupa Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.