ABŞ Konqresi Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirəsinə qərar verdi...
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynanın xeyrinə Rusiyanın aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bununla yanaşı, qanun layihəsində anti-Rusiya sanksiyalarının genişləndirilməsinə də toxunulur. Qanun layihəsini 360 konqresmen dəstəkləyib 58 əleyhinə çıxıb.
Qanun layihəsi ABŞ prezidentinə dondurulmuş aktivlərin müsadirə edilməsi prosedurunu həyata keçirmək, sonra isə vəsaitləri kompensasiya fondu və Ukraynaya dəstək fondu kimi xüsusi fondlara köçürmək səlahiyyəti verir.
Bundan başqa, ABŞ prezidenti müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi alqoritmi ilə bağlı “böyük yeddilik” ölkələri, Avropa İttifaqı, Avstraliya və ABŞ-ın digər tərəfdaşları ilə koordinasiya edə biləcək.
Qanun layihəsində həmçinin nəzərdə tutulur ki, onun qüvvəyə minməsindən sonra 90 gündən gec olmayaraq ABŞ prezidenti Konqresə Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan bütün fiziki və qurumları müəyyən edən hesabat təqdim etməlidir. Hesabatda həmçinin 2016-cı il Maqnitski Aktı çərçivəsində ABŞ-ın sanksiyalarına məruz qalan bütün fiziki və hüquqi şəxslər də göstərilməlidir.
ZÜMRÜD