İsrail "məhdud sayda" zərbələrlə İranın nüvə obyektlərini hədəf aldı - ancaq...
İsrailin gecə saatlarında İrana zərbələr endirib. "Məhdud sayda" hücumunun təfərrüatları da aydınlaşmağa başlayıb. İran mediası İsfahan şəhərindəki nüvə obyektlərinin hücumdan sonra təhlükəsiz vəziyyətdə və obyektlərə heç bir ziyanın olmadığını bildirib.
Yerli vaxtla saat 04:00 radələrində İsfahan üzərində 3 PUA-nın aşkar edildiyi, hava hücumundan müdafiə sistemlərinin işə salındığı və PUA-ların havada vurulduğu bildirilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi də nüvə obyektlərinə heç bir ziyanın dəymədiyini təsdiqləyib və vəziyyətin yaxından izləndiyini bəyan edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qrossi bütün tərəfləri sakitliyə çağırıb və bildirib ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır.
İran Milli Kiber Mərkəzinin sözçüsü Hüseyn Dalirian, hücumla bağlı X sosial media hesabında etdiyi paylaşımda, İsrailin hücumunda heç bir raketdən istifadə edilmədiyini qeyd edib: “İran xaricindən İsfahan və ya digər bölgələrə hava hücumu (raketlərlə) olmayıb. İstifadə olunan PUA-lar qısa mənzilli idi".
Adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi Britaniyanın "Reuters" xəbər agentliyinə deyib ki, hücumun kim tərəfindən həyata keçirildiyi və arxasında kimin dayandığı məlum deyil. Ancaq dərhal əks-hücum planı yoxdur.
Adı açıqlanmayan Amerika rəsmiləri İsrailin hücumla bağlı ABŞ-ı daha əvvəl məlumatlandırdığını, lakin ABŞ-ın sözügedən addmı dəstəkləmədiyini bildirib.
Bir İsrail nümayəndəsi isə “The Washington Post” qəzetinə, zərbənin İranın İsrailə raket və PUA hücumlarına cavab olduğunu deyib. İsrail rəsmisi, eyni zamanda, bunun Təl-Əvivin Tehranı İranın daxilindəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğuna inandırmaq məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl İran İnqilabı Keşikçiləri Korpusunun Nüvə Mərkəzlərinin Mühafizə Bölmələrinin komandiri, briqada generalı Əhməd Haktaleb bəyan edib ki, İsrail öz ölkəsinin nüvə obyektlərinə hücumla hədələsə, İran "nüvə doktrinasını" dəyişə bilər.
"Əgər İsrail nüvə mərkəzlərimizə hücum təhlükəsindən İrana təzyiq vasitəsi kimi istifadə edərsə, İran nüvə doktrina siyasətinə yenidən baxa və əvvəllər bəyan etdiyi mülahizələrini dəyişə bilər", - Haktaleb bildirib.
İranın müdafiə sistemlərinin hücumlara müqavimət göstərməyə hazır olduğunu bildirən Haktaleb, İsraildəki nüvə obyektlərinin koordinatlarına sahib olduqlarını və İsrailin hücumu zamanı onları raketlərlə vurmağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Qərb ölkələri İranın nüvə fəaliyyətinin nüvə silahı istehsal etmək potensialına malik olduğunu iddia edərək, ona qarşı sanksiyalar tətbiq edir.
Ölkə lideri Əli Xamneyinin 2010-cu il dekabrın 12-də nüvə silahı istehsalını “haram” elan edən fitvası ölkənin nüvə doktrinası kimi qəbul edilir.
Tahir TAĞIYEV