“Hesabımdan oğurlanan pullar satılan qəzetlərin pullarıdır” - Cavid Rzayev
“VÖEN-ə bağlı hesabımdan 7500 manat çıxarılıb, 150 manat bank xərci tutulub (7650 manat), debet kartımdan da 400 manat oğurlanıb”
“Bakımətbuat” yayımın rəhbəri Cavid Rzayev kibercinayətkların qurbanı olub. C.Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kiber dələduzların oğurladığı vəsait ona deyil, qəzet redaksiyalarına məxsus olub. Onun əsas narazılığı “Rabitəbank”ın müştəri kimi ona səhlənkar münasibəti ilə bağlıdır.
Onun sözlərinə görə, bu bank tərəfindən ona verilən debet kart hesabı ilə “Rabitəbank”ın adına açılan saxta sosial şəbəkə səhifəsinə daxil olub və problem də bundan sonra başlayıb. “Kibercinayətkarlar debet kartım vasitəsilə VÖEN hesabımdan pul çəkiblər. Əvvəllər bank VÖEN hesabına blok qoyurdu ki, kartdan karta köçürmə həyata keçirmək mümkün olmasın. Amma bank yanvar ayında bloku götürüb. Özü də kibercinayətkarlığın geniş yayıldığı bir vaxtda blok götürülüb. Mən də banka müraciət etdim ki, əvvəl kibercinayətkarlıq belə yayğın deyildi, amma VÖEN hesabına blok qoyurdunuz, indi kiberdələduzluq artıb siz bloku götürürsünüz, deməli, buna siz özünüz şərait yaradırsınız. Bu nə dmeəkdir? Bank bloku niyə, hansı məqsədlə götürüb? Bank təhlükəsizlik tədbirlərini artırmaq əvəzinə daha da azaldır. Bankın hesabımızı qoruya bilməməsi nəticəsində müştərilərin pulları oğurlanır. Əsas şikayətim “Rabitəbank”la bağlıdır. Mən debet kartımla səhvən bankın adına açılan səhifəyə girmişdim, demə ki, bu səhifə də haker səhifəsi olub. Mən ora debet kartın məlumatlarını vermişəm, onlar mənim VÖEN-ə bağlı hesabıma girib pulları çıxarıblar. Kart məlumatlarından əlavə məlumat verməmişəm. “Rabitəbank” şikayətə baxmır, deyir ki, onsuz da məndən mətbuat yazır, nə edirsən et. Onların mənə sözü bu oldu. “Rabitəbank” istəsə problemi həll edər, millyardlarla vəsaiti, köçürmələri var. Təbii ki, hesabımdakı vəsaitin təhlükəsizliyinə görə bank məsuliyyət daşıyır. Bir məqamı da qeyd edim ki, bizim hesablar sığortalanmayıb. Müştərilər banka pul qoyanda 30 min manata qədər vəsaiti sığortalayırlar. Dövlət qanunlarına görə, biz alqı-satqını, ticarəti bank üzərindən edirik. Amma nəyə görə bizim hesabımızdakı vəsaitlər sığortalanmır? Deyirlər ki, bu cür pullar sığortalanmır. Sual verirəm ki, bəlkə sabah bank bağlandı, mən redaksiyaların pulunu hardan verəcəyəm? Bankda problem çoxdur” - deyə C.Rzayev qeyd etdi.
C.Rzayev VÖEN-ə bağlı hesabından və debet kartından çəkilən vəsaitin məbləğini də açıqladı. “VÖEN-ə bağlı hesabımdan 7500 manat çıxarılıb, 150 manat bank xərci tutulub (7650 manat), debet kartımdan da 400 manat oğurlanıb. Kibercinayətkarlar debet kartım da, tutulan bank xərci də daxil olmaqla ümumilkdə hesabımdan 8050 manat pul çıxarıblar. Hadisə aprel ayının 11-də baş verib. Məsələyə 7-ci polis bölməsi baxır. Polis hazırda araşdırma aparır, cinayəti törədənləri axtarır. İlkin araşdırma zamanı məlum olub ki, pul “Kapitalbank”a köçürülüb, amma hansı hesaba köçürüldüyü hələ ki məlum deyil. Polis o barədə araşdırma aparır. Proses gedir. Hesabımdan oğurlanan pullar satılan qəzetlərin pullarıdır. Köşklərimizdə satılan qəzetlərlərin pulları redaksiyalara ödənilməlidir, bu onların pullarıdır. Oğurlanan pullar qəzetlərə aiddir. Mənim əsas məqsədim o pulları geri qaytarıb sahiblərinə verməkdir. Sualım odur ki, bank nə üçün VÖEN-ə bağlı hesaba aid olan kartlardan bloku götürür, marağı nədir, niyə kibercinayətkarlara şərait yaradır? Onlar bloku götürməsəydilər pullar oğurlanmazdı” - deyə C.Rzayev qeyd etdi.
İradə SARIYEVA