Mina problemini beynəlxalq müzakirəyə çıxarmağa nə mane olur?
Azər Həsrət: “Mina ilə bağlı məsələ ictimai rəydə müzakirə olunur, ancaq beynəlxalq qurumlara müraciət xüsusi qaydalar çərçivəsində edilmir”
Azərbaycan, ərazisinin minalardan çirklənmə göstəricisinə görə dünyada, təəssüf ki, ilk yerlərdə durur. Belə ki, Azərbaycanda basdırılan minaların sayını insanlarla müqayisə etsək, hər 10 nəfərə bir mina düşür.
Mina problemi Azərbaycan vətəndaşlarının öz əzəli torpaqlarına qayıdış prosesini ləngitməklə yanaşı, eyni zamanda onların təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Bu problemdən Azərbaycanla bərabar bir neçə ölkə də ciddi əziyyət çəkir. Mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin qlobal səviyyədə həll olunmasını labüd edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Minalardan Təmizləmə Xidmətinin (UNMAS) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Li Vudyear bildirib ki, UNMAS münaqişədən sonra minalanmış ərazilərdə qiymətləndirmə apararaq, BMT-nin İnkişaf Proqramının (BMTİP) vasitəsi ilə Azərbaycan hökumətinin minalarla mübarizə səylərinə dəstək verməsini tövsiyə edib. L.Vudyear qeyd edib ki, yaxın gələcəkdə UNMAS-ın Azərbaycanda minatəmizləmə fəaliyyətini bərpa etmək planı yoxdur: “Biz hesab edirik ki, BMT-nin müvafiq qurumu olan BMTİP prosesi dəstəkləyir”.
Maraqlıdır, Azərbaycanın mina problemi niyə beynəlxalq müstəvidə müzakirə olunmur?
“Qaydalara uyğun şəkildə müraciət olunsa belə, anti-azərbaycan mövqedə olan şəxslər bunu əngəlləməklə məşğuldur”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində dedi ki, dövlət və qeyri-dövlət səviyyəsində minalarla bağlı həyacan təbili çalınır: “Xaricdəki məlum mərkəzlərə, beynəlxalq ictimaiyyətə lazımi müraciətlər ünvanlanır. Bu istiqamətdə görülən işlərə yetərincə qarşılıq verilməməsi maraqlıdır. Hesab edirəm ki, Azərbaycanın mina problemindən əziyyət çəkməsi ilə bağlı ilk növbədə bütün dünyaya çar çəkməliyik. Məlumat üçün deyim ki, beynəlxalq qurumların özünə xas qaydaları olur. O qaydalar çərçivəsində müraciət olunmayanda məsələlərə baxılmır. Mina problemi ilə bağlı beynəlxalq mediaya çıxırıq, tədbirlərdə çıxış edirik və s. Ancaq bəlli qaydalar var. Bu qaydalar çərçivəsində uyğun müraciətlər olunmalıdır. Daha sonra məsələyə baxılması üçün vaxt təyin olunmalıdır. Bir daha təkrar edim ki, məlum məsələ ictimai rəydə müzakirə olunur, ancaq beynəlxalq qurumlara müraciət xüsusi qaydalar çərçivəsində edilmir. Lakin onu da unutmaq lazım deyil ki, qaydalara uyğun şəkildə müraciət olunsa belə, anti-azərbaycan mövqedə olan şəxslər bunu əngəlləməklə məşğuldur. Belə bir hal varsa dövlət və QHT-lər müraciət olunan beynəlxalq mərkəzlərdən hesabat tələb etməlidir”.
Günel CƏLİLOVA