İranın İsrailə hücum uğursuzluğunun səbəbi açıldı - Bir milyard dollarlıq sirli casus təyyarəsi Tehranın bütün planlarını alt-üst etdi…
Şənbə gecəsi İran ilk dəfə olaraq birbaşa öz ərazisindən İsrailə qarşı hücumlar həyata keçirdi. 1800 kilometr məsafədən atılan kamikadze pilotsuz təyyarələr və ballistik raketlər həm ABŞ, həm də Təl-Əviv tərəfindən vurularaq zərərsizləşdirilib. İsrail ordusunun sözçüsü Daniel Haqarinin sözlərinə görə, İran şənbə gecəsi başlayan hücumda 170 pilotsuz uçuş aparatı, heç biri İsrail ərazisinə daxil olmayan 30 qanadlı raket və bəziləri İsrailə çatan ən azı 110 ballistik raketdən istifadə edib.
Bütün bunların qarşısında İsrailin İranın hücumuna qarşı özünü necə müdafiə etdiyi maraq doğurur. “The Sun” qəzeti yazır ki, Təl-Əviv İranın hücumuna qarşı “MARS2” gizli reaktiv təyyarələrindən istifadə edib.
Qəzetdəki təhlildə ABŞ və İsrail tərəfindən hazırlanmış reaktiv casus təyyarənin xüsusiyyətlərindən bəhs edilir.
Oron model casus təyyarəsinin 320 raket və pilotsuz uçuş aparatının hamısını izləyərək zərərsizləşdirdiyini yazan “The Sun”, təyyarənin dəyərinin 1 milyard dollara yaxın olduğunu bildirib.
Oron İrandan qalxan raketlər barədə dərhal İsrailə məlumat ötürüb, eyni zamanda raketlərin yerini Dəmir Qübbə və qırıcı pilotlarla da paylaşıb. Mövzu ilə bağlı açıqlama verən təyyarədə məsul olan israilli mayor, "Strateji mövqedə gözlədik, raketləri ilk görən biz olduq. 20 ildən çox pilot olmuşam və bir çox əməliyyatlarda iştirak etmişəm. lakin bu, ən mənalısı idi”.
Oron İsrail və ABŞ mütəxəssislərinin birgə hazırladığı dünyanın ən qabaqcıl gizli reaktiv təyyarələrindən biridir. Təyyarə səkkiz texnik və pilot tərəfindən idarə olunur.
Tahir TAĞIYEV