Azərbaycanın "hacı kvotası" azaldıldı - Həccə maraq zəifləyib…
Cəmşid Əliyev: “Qiymətlərin baha olması da Həccə getmək istəyənlərin sayına təsir edir”
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri media nümayəndələrinə məlumat verib.
O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb: “İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb”.
Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Məlumat üçün bildirək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Kvotanın azalmasına səbəb kimi müxtəlif fikirlər səslənsə də, ekspertlər hesab edir ki, artıq bu sahəyə maraq azalıb. Həcc ziyarətinə getmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb.
“Din haqqında məlumatı olmayan, kəlimeyi-şəhadətini bilməyən şəxslər Həccə gedir, bu kimi faktlar Həcc ziyarətinə olan marağı azaldıb”
İlahiyyatçı Cəmşid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir: “Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 10000 manat ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur. Vəziyyət o həddə çatıb ki, yerindən duran Həccə gedirdi. Əlbəttə, belə olmaz. Din haqqında məlumatı olmayan, kəlimeyi-şəhadətini bilməyən şəxslər Həccə gedir. Bu kimi faktlar Həcc ziyarətinə marağı azaltdı. Inanclı insanlar görür ki, imkanı olan şəxs din haqqında sıfır məlumata malik olsa da Həcc ziyarətini su yoluna döndərib. Beləliklə, insanların Həcc ziyərətinə getmək istəyi azalır. Həmçinin, qiymətlərin baha olması da burda öz rolunu oynayır”.
Günel CƏLİLOVA