Gürcüstandan Azərbaycana 37 milyon dollar gəlib - pul axınının yeni istiqaməti başlayır...
Akif Nəsirli: “Gürcüstandan Azərbaycana pul köçürməsinin artmasının səbəbi ticarət dövriyyəsi ilə bağlıdır”
Gürcüstandan Azərbaycana pul köçürmələri 30 % artıb. 2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb. Azərbaycan Mərkəzi Bankın yaydığı məlumatda qeyd edilir ki, bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.
Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8 %-dən 2,3 %-ə çatıb. Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8 % azdır. İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8 %-dən 10,7 %-ə çatıb.
Maraqlıdır, Gürcüstanın əmək bazarı Rusiyanı əvəz edəcək?
“Əməkçi miqrantlar üçün Gürcüstanın əmək bazarı Rusiyanı əvəz edə bilməz, çünki bu ölkədə çoxçeşidli əmək bazarı yetərincə deyil”
Liberal İqtisadçılar Mərkəzi İB-nin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Gürcüstandan Azərbaycana pul köçürməsinin artmasının səbəbi ticarət dövriyyəsi ilə bağlıdır: “Məlumdur ki, Gürcüstandan ölkəmizə daha çox ət məhsulları gətirilir, ödəniş isə köçürmə yolu ilə həll olunur. Bununla yanaşı, bir sıra məhsullar da ölkəmizdən Gürcüstana idxal olunur, bunun müqabilində isə pul köçürmələrin həcmi artır. Ticarət dövriyyəsinin artması pul köçürmələrə təsir edir”.
Həmsöhbətimiz hesab edir ki, əməkçi miqrantlar üçün Gürcüstanın əmək bazarı Rusiyanı əvəz edə bilməz. Çünki bu ölkədə çoxçeşidli əmək bazarı mövcud deyil: “Düzdür, Gürcüstan iqtisadiyyatı inkişaf edir, ancaq əmək bazarı geniş deyil. Gürcüstanın özündə öz işçilərini təmin edəcək səviyyədə əmək bazarı formalaşmayıb. Milliyyətcə azərbaycanlı olan vətəndaşlar işlə bağlı başqa ölkələrə üz tutur, o cümlədən əmək miqrantı kimi ölkəmizdə də çalışırlar. Hazırki şəraitdə azərbaycanlı əməkçi miqrantlar üçün Rusiyanı başqa bir ölkə əvəz edə bilməz”.
Günel CƏLİLOVA