Hər bölgədə xaos yaradan ABŞ, yoxsa "Azadlıq, bərabərlik, qardaşlığı” təmsil edən Firəngistan
Gözümüzü açandan, təhsilimizin ilk pillələrindən hətta savadımızı artırmaq üçün oxuduğumuz bir qisim kitablarda belə ABŞ və Fransanın nəhəng ölkələr timsalında olduğunu müşahidə etmişik və hələ də edirik. Məsələ burasındadır ki, hər çevrədə, toplumda yaranan müəyyən iğtişaşın, xaosun səbəbi həmişə mövcuddur. Buna daha çox nəinki insanlar, o cümlədən mütləq mənada “mərdimazar” varlıqlar bais olur.
Dönüb lap qədimdən indiki dövrümüzə qədər seyr etsək, görərik ki, dünyada, xarici ölkələrdə, xüsusən xırda və zəif cəmiyyətlərdə hər zaman qarşısıalınmaz, xaotik, çıxılmaz vəziyyətləri məhz bu iki ölkə - ABŞ və Fransa törədir. Əsrlərdir hər qitə və materikdə, daha çox Afrikada hegemonluq edən sözügedən dövlətlər sanki “aranı qatan”, el arasında desək, “loo” salıb gedən iblisə bənzəyirlər.
Bəs görəsən niyə dünyanın böyük və qüvvətli dövlətləri, ölkələri bu çıxılmaz vəziyyətə səssiz qalırlar? Məgər bu iki ölkəyə gücü çatan federasiya, birlik və ya koalisiya yoxdur?
Görəsən Rusiyanın “İskəndəri”, Pakistan və İranın atom bombaları, Çinin dünyanı lərzəyə gətirən raket sistemləri və s. daha bilmədiklərimiz artilleriya şəbəkələri, güc strukturları, hücum mexanizmləri cəmi 400 milyona (hər iki ölkənin toplamdakı əhali sayı) yaxın iki dövlətin öhdəsindən gələ bilməz? Reallıqda danışsaq, həmin iki lider dövlətin dünyada izi, tozu da qalmaz.
Qayıdaq günümüzdəki siyasi atmosferə…
ABŞ əvvəldə qeyd etdiyim kimi İsraili İranla müharibəyə təkid etdi və nəticədə İranın bu ölkədəki konsulluğu darmadağın edilərək yeni müharibəyə yol açdı. Halbuki ABŞ bu gözlənilməz hadisəni gözlənilən etməyə də bilərdi. Amma vəziyyəti daha da neqativləşdirərək İranı İsrailə qarşı qoydu. Bundan əlavə, Fransa isə münaqişənin “zavyaska” hissəsində ortaya yeni bir fakt qoyaraq ipləri öz tərəfinə çəkməyə çalışdı. Makron ötən gün yerli televiziyalara açıqlamasında İranın İsrailə qarşı hücumlarının onlar tərəfindən dəf olunduğunu etiraf etdi və bir daha yanan ocağa su atmaqdansa, daha da alovlandırdı. Bütün bu proseslərin fonunda hətta İraqdakı, Fələstindəki, Suriyadakı, Ukraynadakı, eyni zamanda az öncə Gürcüstandakı siyasi iğtişaşlarda da mühüm siyasi rola malik olduğunu bir daha göstərmiş oldu.
Dünyanın hər bir regionunda olduğu kimi, bir vətəndaş olaraq narahatedici bir məqam məhz bütün baş verənlərin Azərbaycandan yan keçməməsi ehtimalıdır. Düzdür, biz ən başlıcası Ali Baş Komandanımız İlham Əliyevə və onun qurduğu müzəffər orduya inanaraq hərəkət edirik. Lakin daxildə baş tutması gözlənilən daha bir proses ümidləri puça çıxara bilər. Buna səbəb özünü Azərbaycanın müxalif qrupu adlandıran, yerli-yersiz danışan, ölkənin ictimai və siyasi həyatında heç bir əməyi olmayan Milli Şuranın aprelin 21-də gözlənilən absurd və gülünc mitinqidir.
Hesab olunan, sözügedən mitinq barədə danışılmasının əsas baiskarı da məhz ABŞ-də, Fransada oturub, eybəcər, iyrənc əməlləri ilə burunlarını Azərbaycanın işlərinə soxan quldurlardır. Bu gün Azərbaycanda dırnaqarası fəaliyyət göstərən müxalif qüvvələrin böyük qismi siyasi sifarişlə, müəyyən maliyyə qarşılığında ölkəmizə qarşı işləyirlər.
Mikayıl MİRZƏZADƏ
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi