Co Baydenin müavini Zelenskidən nəyi xahiş edib? - “The Washington Post”dan SENSASİYALI İDDİA
“The Washington Post” qəzeti maraqlı yazı ilə çıxış edib. Nəşrin yazdığına görə, artıq 5 aydır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını (NEZ) bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur. Nüfuzlu nəşrin yazdığına görə, ABŞ-ın vitse-prezidenti Kamala Haris Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətində deyib ki, Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil.
Bildiyimiz kimi cari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı Prezident C. Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması C. Baydenə böyük problem yaradır.
“Reuters” agentliyinin məlumatına əsasən Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı NEZ-na endirilən zərbələr nəticəsində neft emalı 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük NEZ-nə əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb. Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub.
Mətləb Salahov