İsrailin İrana hücum qərarına ABŞ-dan ilk reaksiya – qarışmırıq...
İranın İsrailə qarşı həyata keçirdiyi hava hücumunun əks-sədası bütün dünyada davam edir. İsrailin Hərbi Kabineti İranın hücumlarına cavab vermək qərarına gəldiyini açıqlayıb.
İsrailin hücumu ABŞ-la koordinasiyalı şəkildə həyata keçirəcəyini açıqlamasından dərhal sonra Ağ Ev reaksiya gəlib. Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi ABŞ-ın İsrailin İrana reaksiyası ilə bağlı qərar qəbul etmə prosesində iştirak etmədiyini bildirib.
“İsrail hökuməti cavab verib-verməyəcəyinə və necə cavab verəcəyinə özü qərar verəcək", - deyə Kirbi bildirib.
Kirbi İranın İsrailə qarşı hava hücumları barədə ABŞ-ı əvvəlcədən məlumatlandırması ilə bağlı iddiaları isə qəti şəkildə rədd edib. Kirbi İranın ABŞ-ın bölgədəki müttəfiqlərini hücumla bağlı əvvəlcədən xəbərdar etdiyinə dair iddialarının “gülünc” olduğunu bildirib: "İran hücumun yeri və vaxtı ilə bağlı bizə heç vaxt əvvəlcədən xəbərdarlıq etməyib".
Tahir TAĞIYEV