İsrail İrana hər an hücum edə bilər – hazırlıqlar tamamlandı...
Aprelin 13-də İran ilk dəfə olaraq İsraili öz ərazisindən hədəf aldı. Günlərdir gözlənilən cavab tədbirində 300-dən çox kamikadze silahlı pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlər atılıb. İndi İranın hücumuna İsrailin necə cavab verəcəyi maraq doğurur.
Son məlumatlara görə, İsrailin Hərbi Kabineti İrana cavab vermək qərarı verib. O, bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı mümkün hücum hazırlığını başa çatdırıb. İsrailin dövlət televiziyası KAN bildirib ki, İsrail İranın qarşılıq verəməyəcəyi, regionu böyük müharibəyə sürükləməyəcək məhdud hərbi hücum planlaşdırır.
ABŞ-ın NBC kanalı İsrail hər an İrana hücum edə biləcəyi barədə xəbər yayıb. İsrailin İrana qarşı hücuma hazırlaşdığını bildirən Amerikanın CNN kanalı isə adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirib ki, Təl-Əviv İrana qarşı hücuma keçmək üçün bütün variantları dəyərləndirir.
Digər tərəfdən, İsrailin İrana qarşı mümkün hücum əməliyyatına görə bölgədə uçuşlar dayandırılıb. ABŞ-ın hava yolları şirkətləri United Airlines, Air France və KLM, "bölgədəki təhlükəsizlik vəziyyəti" səbəbindən İsrailin paytaxtı Təl-Əvivə uçuşları dayandırdıqlarını açıqlayıb.
İsrailin İrana hücum hazırlığını tamamladığı xəbərlərinin ardından İran, İsrailin mümkün hücumuna qarşı 3-cü dərəcəli həyəcan vəziyyətinə keçdiyini açıqlayıb. Bəzi mətbuat orqanlarında İranın qərbində uçuşa qadağa zonası yaradıldığına dair də xəbərlər yayılıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Çinin xarici işlər naziri ilə telefon danışığı zamanı İsrailin hücumuna qarşılıq verəcəklərini bəyan edib: “Əgər İsrail İranın maraqları və təhlükəsizliyinə qarşı hücumlarını təkrarlamağa cəhd edərsə, Tehranın reaksiyasının və növbəti addımının dəqiq, sürətli və hərtərəfli olacağı ilə bağlı Ağ Evə açıq şəkildə xəbərdarlıq etdik".
Tahir TAĞIYEV