Səudiyyə və BƏƏ-dən İrana zərbə - Tehranın İsrailə hücum planı əvvəlcədən ABŞ-a ötürülüb...
Aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra Yaxın Şərqdə yeni müharibə təhlükəsi yaranıb. İran aprelin 13-də cavab olaraq İsrail ərazisinə 300-dən çox PUA və raketlə hava zərbələri endirib.
İran hücumdan iki gün əvvəl Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrini hava məkanını qorumaq üçün İsrailə qarşı planlaşdırılan hücum barədə məlumatlandırıb.
Bu arada, ABŞ mətbuatı İranın cavab hücumu ilə bağlı diqqətçəkən bir məlumat yayıb. “Wall Street Journal”a danışan Misir və Səudiyyə Ərəbistanı mənbələri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın İsrailə cavab hücumu ilə bağlı kəşfiyyat məlumatlarını hücumdan əvvəl ABŞ-a ötürdüyünü bildirib.
Misir və Səudiyyə Ərəbistanındakı mənbələr “Wall Street Journal”a bildiriblər ki, ABŞ-ın bir çox ərəb ölkəsi ilə apardığı danışıqlardan sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hücumla bağlı kəşfiyyat məlumatlarını paylaşmağa gizli şəkildə razılıq veriblər.
Bundan başqa, İranın hücumla bağlı öncədən məlumatlandırdığı ölkələr sırasında olan İordaniya ABŞ və İsraili müdafiə edən digər dövlətlərin öz hava məkanından istifadəsinə icazə verib.
Bununla belə, İordaniya İranın raket və pilotsuz təyyarələrinin qarşısını almaq üçün öz təyyarələrindən istifadə edib.
Tahir TAĞIYEV