İsrail qərarını verdi – İran vurulacaq...
İranın İsrailə hücumundan sonra İsrailin Hərbi Kabineti növbəti dəfə iclas keçirib. İclasda müzakirələr və qəbul edilən qərarlar barədə heç bir məlumat açıqlanmayıb. Ancaq İsrail mətbuatı Hərbi Kabinetin İranın hava hücumuna cavab vermək qərarı verdiyini yazıb.
İsrailin Kanal 12 televiziyası iddia edib ki, Təl-Əviv rəhbərliyi İranın hava hücumuna cavab verəcək. Xəbərdə Hərbi Kabinetin İranın hücumuna "aydın və təsirli" cavab verməyə qərar verdiyi və İsrailin reaksiyasının İranın reallaşdırdığı hücumun cavabsız qalmayacağı mesajını vermək məqsədi daşıdığı ifadə edilir.
Qeyd edilir ki, İsrail İrana cavabın, regional müharibəyə və ya İranın hücumuna qarşı Təl-Əvivə kömək edən koalisiyanın dağılmasına səbəb olmasını istəmir, buna görə də öz addımlarını ABŞ-la əlaqələndirmək niyyətindədir.
Xəbərdə Hərbi Kabinetinin sabah yenidən toplanacağı bildirilir.
Kanal 12 bundan əvvəl Hərbi Kabinetin iclasında İranın hücumuna cavab olaraq müxtəlif variantların müzakirə edildiyini və bu variantların hər birinin “İrana qarşı ağrılı cavab hücumu” olduğunu iddia etmişdi.
Qeyd edək ki, bundan əvvəl İranın hücumunda hədəf alınan Nevatim Hava Bazası haqda açıqlama verən İsrail Baş Qərargah rəisi Herzi Halevi İranın hücumuna cavab veriləcəyini bildirib.
"İran İsrail dövlətinin strateji imkanlarına zərər vermək istəyirdi. Bu, daha əvvəl heç olmamış bir şeydir" – deyən Halevi İrana necə cavab veriləcəyini dəyərləndirdiklərini bildirib.
Tahir TAĞIYEV