Azərbaycan - Ermənistan normallaşmasında yeni vasitəçi platforma meydana çıxdı...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib. O, bu barədə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib:
“Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə, xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır. Biz İrəvan və Bakının sülh sazişini imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz bizə dost olan iki ölkənin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir”.
Ekspertlər bu açıqlamanı təsadüfi hesab etmirlər. Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Naumov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında bu xüsusda qeyd edir ki, Qazaxıstan prezidentinin Ermənistana səfərində aşkar vasitəçilik missiyası xüsusi yer alır: “Kasım-Jomart Tokayev İrəvana təkcə Ermənistan-Qazaxıstan deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri haqqında danışmaq üçün gəlib. Onun səfəri böyük maraq doğurur, çünki bir ay əvvəl, martın 11-də Qazaxıstan prezidenti Azərbaycana səfər edib, orada prezident İlham Əliyevlə danışıqlar aparıb. O zaman belə nəticəyə gələ bilərik ki, Astana ən azı özünü regionda yeni sülhməramlı qüvvə olaraq elan etməyə çalışır. Nəzərə alınmalıdır ki, Qazaxıstan postsovet məkanında yerləşən qüvvədir, ondan kənarda deyil. Ermənistan-Azərbaycan qarşıdurmasının beynəlmiləlləşməsinin qarşısının alınması zərurətinə dair Qazaxıstan konkret mövqe sərgiləyir”. Bununla yanaşı, Aleksey Naumov bildirib ki, Avropa İttifaqı və ABŞ kimi vasitəçilər arxa plana keçə bilər: “Biz Azərbaycandan tez-tez eşidirik ki, ilk növbədə, təkbətək dialoq lazımdır və burada əsas fikir ondan ibarətdir ki, Avropa İttifaqı və ABŞ kimi böyük tərəflər nizamlanmaya cəlb edilməməlidir. Kobud desək, qlobal ambisiyaları olmayan, eyni zamanda özünü beynəlxalq prosesin mühüm iştirakçısı hesab edən orta səviyyəli dövləti təmsil edən sülhməramlı rolunu oynamalıdır. Qazaxıstan mümkün variantdır. Qazaxıstanda təbiət hadisələri ilə bağlı çətin vəziyyətin mövcud olduğunu nəzərə alsaq, Kasım-Jomart Tokayevin dedikləri kifayət qədər güclü bəyanatdır. Kasım-Jomart Tokayev Bakıya səfərindən bir ay sonra Ermənistana getməyə vaxt tapır və azərbaycanpərəst güc kimi tanınır. Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdürlər, Astana Azərbaycanın Qarabağ iqtisadi rayonunun bərpasında iştirak edir, ona görə də ümid edirəm ki, Tokayev Nikol Paşinyanı öz mövqeyini dəyişməyə təşviq edə biləcək. Bu, ümumiyyətlə, həm Ermənistanın özü, həm də bütün Qazaxıstan üçün faydalı olacaq”.
Elə qazaxıstanlı politoloq, Avrasiya İnteqrasiya İnstitutunun direktoru Urazqali Selteyev də bildirir ki, Kasım-Jomart Tokayevin Ermənistana bir günlük rəsmi səfəri sülhməramlı gündəmi ehtiva edir: “Onun Ermənistana qısamüddətli səfəri təbii ki, təcili sülhməramlı missiyadır. 24 saatdan az müddətdə dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla Azərbaycanla nizamlama planını müzakirə edib. Güman ki, hər iki tərəf Qazaxıstanı bu ən mürəkkəb danışıqlarda vasitəçi etmək istəyir”. Onun fikrincə, regionda həm Azərbaycan prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın Qazaxıstan dövlət başçısı qədər eyni dərəcədə etimad göstərdiyi başqa bir siyasətçi yoxdur: “Aydındır ki, bu məsələ Tokayevin Bakıya son səfəri zamanı da müzakirə olunub”. Erməni politoloq Mikael Zolyan qeyd edir ki, 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyəti çox şeyləri yenidən düşünməyə başlayıb: “O cümlədən, bəziləri belə qərara gəliblər ki, respublikanın Azərbaycan və Türkiyə ilə münaqişədə olduğu və bütünlüklə Rusiyanın himayəsinə arxalandığı son 20 ildə Ermənistan hakimiyyətinin apardığı siyasət fəlakətə gətirib çıxarıb. Sonrakı hadisələr onları buna daha da inandırdı. Paşinyanı populist mövqelərdən tənqid edən müxalifətçilər heç nəyi dəyişə bilməz. Bəlkə də sabah regionda geosiyasi tarazlıq dəyişsə, onların ideyaları yenidən populyarlaşacaq, amma bu gün belə deyil. Ermənilər bilirlər ki, yeni müharibə onlar üçün fəlakət olacaq, ona görə də qonşuları ilə kompromis axtarmaq lazımdır”. Politoloq qeyd edib ki, məhz Qazaxıstan burada vasitəçi ola bilər. Qazaxıstandan olan ekspert Dosim Satpayev Qazaxıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə çağırdığını vurğulayıb: “Qazaxıstan üçün sərhədlərinin toxunulmazlığı postsovet məkanında əsas xarici siyasət məsələlərindən biridir. Vaxtilə Qazaxıstan Azərbaycanla həll edilməmiş ərazi mübahisələri səbəbindən, hətta Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasının əleyhinə idi. Ermənistan vaxtilə Azərbaycanla əməkdaşlıq etdiyinə və onu dəstəklədiyinə görə Qazaxıstan və Belarusun KTMT-dən çıxarılmasına çağırış edib. Amma indi vəziyyət dəyişib”.
Nahid SALAYEV