İranın İsrailə birbaşa ilk hücumu - Yaxın Şərqdə qanlı savaşın əsası qoyuldu...
Dünya gündəmində xüsusi diqqət cəlb edən hadisələrdən biri də İran və İsrail arasında artan gərginlikdir.
Qeyd edək ki, İsrail ötən bazar günü İranın ölkəyə qarşı görünməmiş hücumda 320 döyüş başlığı atdığını, lakin hava hücumundan müdafiə sisteminin ABŞ və digər dəstək verən ölkələrin müdafiə vasitələri ilə birlikdə onların 99 faizini vurduğunu bildirib. İsrailin müttəfiqləri arasında ABŞ, həmçinin Böyük Britaniya, İordaniya da var.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner İranın İsrailə qarşı 170 partlayıcı dron, 120 ballistik raket və 30 qanadlı raket atdığını, bunların əksəriyyətinin birbaşa İran ərazisindən gəldiyini, lakin bəzilərinin İraq və Yəməndə İranın proksi qüvvələri tərəfindən atıldığını bildirib. İsrailin Müdafiə Nazirliyinin sabiq sözçüsü Conatan Konrikus deyir ki, bu, yeni Yaxın Şərqin ilk günüdür - İran ilk dəfədir ki, İsrailə öz torpağından, birbaşa hücum edir. Onun sözlərinə görə, bu, ABŞ da daxil olmaqla, başqa ölkələri də münaqişəyə cəlb edə bilər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bağiri dövlət televiziyasına deyib ki, İsrail cavab tədbirləri görəcəyi təqdirdə İranın cavabı sonuncu hücumdan daha böyük olacaq. İran həmçinin Vaşinqtonu xəbərdar edib ki, ABŞ İsrailin cavab tədbirlərini dəstəkləsə, Amerika bazaları da hədəf alınacaq. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, döyüş başlıqlarının böyük əksəriyyəti İrandan buraxılıb. Kirbi İsraili hədəf aldıqları vaxt raketləri bölgədəki digər ölkələrin üzərindən göndərməklə, onların bunu beynəlxalq hava məkanını pozmadan etməsinin mümkün yolu olmadığını deyib. Kirbi İsrailin İranın hücumlarına qarşı müdafiəsini inanılmaz hərbi nailiyyət adlandırıb. O, hücumlar nəticəsində İsrailə çox zərər vurulmadığını bildirib. İsrail bildirib ki, hücum nəticəsində 7 yaşlı qız da daxil olmaqla, ümumilikdə 12 nəfər yaralanıb. Həmçinin bir hərbi bazada təyyarə yolu yüngül zərər görüb. Kirbi deyib ki, ABŞ İrandan gələn döyüş başlıqlarının vurulmasına kömək etsə də, İsrailə İrana hücumda iştirak etməyəcəyini bildirib. Bununla belə, İsrailin müdafiə naziri Yoav Gallant İranın son hücumunun qarşısının alınmasına baxmayaraq, hərbi kampaniyanın bitmədiyini bildirib və “hər hansı bir ssenariyə hazır olmalıyıq” deyib.
Müharibə kabinetinin naziri Benny Qantz İsrailin hücuma cavab verəcəyini bildirib: “Biz regional koalisiya yaradacağıq və İrandan bizim üçün əlverişli şəkildə və vaxtda bədəl tələb edəcəyik”.
İranın öz ərazisindən İsrailə hava zərbəsi endirməsi rəqib regional güclər arasında qarşıdurmada ciddi eskalasiyaya səbəb olub və ABŞ qüvvələrinin İsrailə dəstək üçün səfərbər olmasına yol açıb. Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi olan Yakob Nagel bildirib ki, İranın İslam Respublikası ilə İsrail arasında onilliklər ərzində davam edən düşmənçilik şəraitində ilk dəfə törədilmiş bu hücum, çox güman ki, münaqişədə dönüş nöqtəsi olacaq: “Yəqin ki, biz regional qarşıdurmanın şahidi olacağıq, çünki bu, İranın təkcə İsrailə qarşı deyil, azad dünyaya qarşı olmasıdır”. Məsələ ilə bağlı “Nyu York Tayms” qəzeti yazır: “Tehran genişmiqyaslı müharibə istəmir. Amma İran və ya İsrailin artıq kölgədən çıxan münaqişəni qızışdırmağa qərar verib-verməyəcəyi bəlli deyil. İran vəd etdiyi kimi İsrailə hücum etdikdən sonra daha geniş müharibədən qaçmaq istəyəcək, rəsmilər və analitiklər qeyd edirlər ki, iranlılar mülki əhali arasında itkilərin qarşısını almaq üçün yalnız hərbi obyektləri hədəfə alıblar və hücumlarını əvvəlcədən elan ediblər. Amma İran Beynəlxalq Böhran Qrupunun direktoru Əli Vaezi qeyd edib ki, İran hökuməti Dəməşqə zərbənin strateji bir dönüş nöqtəsi olduğu qənaətinə gəlib. İranın illərdir İsraillə apardığı kölgə müharibəsi indi ABŞ-ın da daxil ola biləcəyi çox real və zərərli münaqişəyə çevrilmək təhlükəsi yaradır”. Beləliklə, İranın İsrailə birbaşa hücumu Yaxın Şərqdə qarşıdurma tendensiyasını gücləndirə bilər. Təsadüfi deyil ki, İsrail prezidenti İsxak Hersoq İranın bazar günü gecə İsrailə hücumunu müharibə elanı adlandırıb: “Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu əsl müharibəyə oxşayır. Mən düşünürəm ki, bu müharibə elanıdır”. Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin gecə atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb. Amma faktdır ki, İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Proseslər göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq. Üstəlik, İranın bu hücumu ilə İsrail yenidən Qərbin dəstəyini qazandı. Bu fonda müharibənin şiddətlənməsi daha çox sayda ölkənin savaşa cəlb olunması deməkdir.
Tahir TAĞIYEV