ABŞ İsraili İranla müharibədən ciddi səbəblərə görə çəkindirdi...
Ramil Məmmədli: “Vaşinqton balans siyasəti apararaq, bundan həm İsrailə qarşı, həm də sünni Ərəb ölkələrinə qarşı istifadə edir”
İranın İsrailə hava hücumu bir daha sübut etdi ki, Yaxın Şərq regionunda kombinasiyaları quran və bundan öz məqsədləri üçün istifadə edən Birləşmiş Ştatlardır. Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenə münaqişənin mərkəzinə gətirib.
Məlum olduğu kimi, aprelin 14-nə keçən gecə İran aprelin 1-də Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edib. İran 300-dən çox pilotsuz təyyarə, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketlərin və pilotsuz təyyarələrin 99%-i İsrailə yaxınlaşarkən Arrow uzaqmənzilli raketdən müdafiə sistemi və döyüş təyyarələri tərəfindən məhv edilib. İsrail tərəfi hücum olmazdan əvvəl bəyan etmişdi ki, İran hər hansı hücuma əl atsa, cavab sərt olacaq. Ancaq bu, belə olmadı. İsrail buna cavab olaraq yalnız İranın Livandakı bəzi mövqelərini vurdu. ABŞ İsrailin daha sərt cavab tədbirləri görməsinə imkan vermədi.
Maraqlıdır, ABŞ son anda İsraili İrana sərt cavab verməkdən niyə çəkindirdi? ABŞ İsrailin İranla müharibəsini niyə istəmədi?
“ABŞ Yaxın Şərqdəki prosesləri öz mənafeyinə uyğun idarə etdiyi üçün İsrailə imkan vermədi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, ABŞ Yaxın Şərqdəki prosesləri öz mənafeyinə uyğun idarə etdiyi üçün İsrailə imkan vermədi: “Ərəb ölkələrinin əksəriyyətində ABŞ-ın hərbi bazaları var. Misir və İordaniyadakı hakimiyyətləri bilavasitə ABŞ himayə edir. Hər iki ölkənin də necə kritik coğrafi mövqeyə malik olduğu göz qabağındadır. İranın vurulması, oradakı hakimiyyətin zəiflədilməsi və yaxud da devrilməsi Vaşinqtona sərf etmir. Çünki Vaşinqton balans siyasəti apararaq, bundan həm İsrailə qarşı, həm də sünni Ərəb ölkələrinə qarşı istifadə edir. İran olmasa HİZBULLAH və digər proksi qüvvələr olmaz. Nəticədə 22 ərəb ölkəsi daha güclü olacaq, ABŞ-ın diqtəsi ilə hərəkət etməyəcək. Bir belə ABŞ hərbi bazalarının Körfəz ölkələrində mövcudluğuna da ehtiyac olmaz. Belə olan halda İranın zəiflədilməsi ABŞ-a sərf edərmi? Əlbəttə yox. O cümlədən, İran İsraili təsir altında saxlamaq üçün ABŞ-a lazımdır. Hamı yaxşı bilir ki, ABŞ olmasa İsrail kimi balaca ölkə ərəb ölkələrinin və İranın qarşısında duruş gətirə bilməz. Bir belə ölkədən İsraili qoruyan ABŞ-dır. Ona görə də Birləşmiş Ştatlarda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət davam edəcək. Çünki ötən əsrin 40-cı illərindən ABŞ-ın Yaxın Şərq siyasəti belə qurulub. Yəni “parçala, hökm sür”. Ona görə də yaxın perspektivdə ciddi dəyişikliklər gözləmirəm”.
Vidadi ORDAHALLI