BQXK Bərdədə nə axtarır, Azərbaycanda niyə 2 ofis saxlamalıdır?..
Məhərrəm Zülfüqarlı: “İki ofisin olması ölkəmizin suverenliynə hörmətsizlikdir”
Məlum olduğu kimi, 1990-cı illərdə qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması adı altında Azərbaycana girən Beynəlxalq Qırmızı Xaç Komitsi bu istiqamətdə müəyyən qədər işlər görsə də, öz missiyasını tam yerinə yetirə bilmədi.
İkimci Qarabağ müharibəsindən sonra BQXK avtonom şəkildə Xankəndidə fəaliyyət göstərməyə başlamaqla beynəlxalq hüquqa, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirdi. Azərbaycanda BQXK-nın faktiki 2 mərkəzi fəaliyyət göstərdi. Xankəndi ofisinin öz büdcəsi vardı, müstəqil kadr seçimi həyata keçirirdi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi. Bir müddət öncə BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərara alındı. Hazırda Xankəndi ofisi Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Beləliklə, təşkilatın Azərbaycanda yenə 2 ofisi fəaliyyətdədir.
Ümumən, BQXK-nin Azərbaycanda niyə 2 ofisi olmalıdır? Məgər BQXK-nin Ukraynada, Ermənistanda 2 ofisi var? Müharibə bitibsə, o zaman bu qurumun Qarabağda ofisinə nə ehtiyac var? Qurum nəyə görə Qarabağda fəaliyyətini davam etdirməkdə belə inadkardır və oradan getmək istəmir?
“İstənilən halda, BQXK-nin Azərbaycanda bir ofisinin olması daha məntiqli olar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “BQXK-nin Azərbaycanda iki ofisə sahib olması çox aktualldır və təəssüf ki, uzun müddət buna o qədər də diqqət edilməyib. Ümümiyyətlə, BQXK və bənzər bəzi təşkilatlar humanitar yardım göstərmək, müəyyən regionda ehtiyacı olan insanlara kömək etmək üçün fəaliyyət göstərir. Beynəlxalq müqavilələrə qoşulan ölkələrdə BQXK və Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərir. Azərbaycanda BQXK-nin iki ofisinin olması ermənilərə görədir. Daha dəqiq desək, Qarabağ erməniləri üçün ayrıca ofis açmışdılar. İndi orada erməni olmadığına görə ofisi Bərdəyə köçürüblər. Lakin yenə də bu məntiqsizdir. Ona görə ki, istənilən halda BQXK-nin Azərbaycanda bir ofisinin olması daha məntiqli olar. İki ofisin olması ölkəmizin suverenliynə hörmətsizlikdir. Digər tərəfdən, bunların humanitar yardım adıyla ölkələrdə siyasi prosesərə qarışması halları da var. Hətta deyərdim ki, milli təhlükəsizlik məsələsi nöqteyi-nəzərindən yanaşanda insanların gələcəkdə şəxsiyyət kimi böyüməsi və yaxud da onların ələbaxım olması kimi məsələlər də var. Buna çox zaman diqqət olunmur. Yardım bir neçə ay ola bilər. Ancaq BQXK on illərlə ölkədə fəaliyyət göstərirsə, bu artıq yardım məsələsindən çıxır və burda artıq siyasət var. Bu da onunla əlaqədardır ki, Qərb çalışır inkişaf etməkdə olan ölkələrdə, yardıma ehtiyacı olan ölkələrdə insanlar ələbaxım olsunlar. Bu da son nəticədə milli və ailə dəyərlərinə zərbə vurur. Hesab edirəm ki, yardım etmək əvəzinə insanlara iş yerləri açılmalıdır. Ancaq bu kimi humanitar təşkilatlar müəyyən şübhəli məqsədlərə xidmət edirlər”.
Vidadi ORDAHALLI