3-cü dünya müharibəsinin 3-cü ocağını Ermənistanın əli ilə hazırlayırlar - Ukrayna, Yaxın Şərq...
Abutalıb Səmədov: “Bütün bu sualların cavabları bölgəmizin gələcək taleyini həll edəcək”
Beynəlxalq məkanda savaş ritorikası artan xətt üzrə inkişaf edir. Dünya nəhəngləri iki düşmən qütbdə cəbhə alaraq, bir-biriini təhdid edirlər. Üstəlik, sürətlə silahlanma prosesi də indi yeni inkişaf istiqamətləri almağa başlayıb.
Bu baxımdan hesab etmək olar ki, dünya artıq yeni "soyuq müharibə" dövrünə keçid almaq üzrədir. Və bu prosesin yaxın gələcəkdə daha təhlükəli görüntülər ala biləcəyi də qətiyyən istisna deyil.
Faktiki olaraq üçüncü dünya müharibəsi başlayib. Hadisələr Azərbaycanın şimal və cənub gonşularının iştirakı ilə baş verir. Dünyanın bölünməsi və ayrıcı xətlırin cızılması prosesi davam edir.
Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Ermənistanda Aİ missiyasının olması, 5 aprel 3 tərəfli görüş bunu aydın göstərdi.
Bütün bunların fonunda Ermənistanın əli ilə Cənubi Qafqazı da müharibə ocağına çevirmək planı barədə ehtimalı nə dərəcə real saymaq olar?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2022-ci ilin fevralında Putinin məşhur “Valday” təxribatından sonra Soçidə keçirilən üçtərəfli Sammit Ermənistanın istəklərinin reallaşması ilə nəticələnmədi: “Rusiyanın təqdim etdiyi layihə Prezident İlham Əliyev tərəfindən rədd edildi. Bundan sonra Ermənistan xarici siyasət kursunda kəskin dönüş etdi, anti-Rusiya bəyanatları verməyə, belə xarakterli addımlar atmağa başladı. Hazırda bölgəmizdə vəziyyət çox gərgindir. Ermənistanın iştirakı ilə aprelin 5-də keçurilən Brüssel görüşü, çox təəssüf ki, vəziyyəti daha da gərginləşdirməyə xidmət etdi. Ermənistan Qərbin əlində alətə çevrilib bə bunu kimsə inkar edə bilməz. Qərb ilk növbədə Rusiyaya qarşı Ermənistandan istifadə etməyə çalışır və bu yöndə kəskin addımlar da atır. İrəvan hava limanından Rusiya sərhədçilərinin təcili çıxarılması ilə bağlı ultimatum verib. Avqustun 1-nə çox az vaxt qalıb. Düşünürəm ki, bu, vəziyyəti daha da gərginləşdirəcək. Tərəflər arasındakı müqaviləyə görə bu qərar ziddiyyətlidir. Çünki hava limanı da sərhəd hesab olunur. Əldə olunan razılığa görə, Ermənistanın xarici sərhədlərini Rusiya qoruyur. Bu məsələdə qərar hər iki tərəfin razılığı ilə verilməlidir. Rusiyanın oranı tərk edəcəyini düşünmək çox çətindir. Ermənistan həm də Rusiyanın nəzarətində olan KTMT-dən çıxmaq istəyir. Bu vəziyyətdə Ermənistanın bizə qarşı hansısa addımı atması onun məhvinə gətirib çıxaracaq.
İranın İsrailə qarşı həyata keçirdiyi raket və dron hücumları da çox ciddi təhlükələrə gətirib çıxara bilər. Hələ ki, İsrail ABŞ-ın tələblərini nəzərə alır və İrana cavab verməkdən çəkinir. Yaxın aylarda Rusiyanın Ermənistana qarşı atacağı addımlar maraq doğurur. Söhbət ilk növbədə iqtisadi xarakterli addımlardan gedir. Bu istiqamətdə Rusiyanın görə biləcəyi işlər çoxdur. Son günlər Putinin sülhdən danışması bölgədə gərginliyin azalacağına ümidlər yaradır. Türkiyə prezidentinin yeni sülh planı da ümidvericidir. Mümkündür ki, ABŞ-ın da bu planla bağlı razılığı olub. Ukrayna ilə sülh danışıqları başlasa, vəziyyət yaxşılaşa bilər. Hiss olunur ki, Rusiya da müharibədən yorulub. Rusiya daha çox işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Putinin son addımları onun Cənubi Qafqazdakı işğalçılıq planlarına davam edəcəyi ilə bağlı proqnozları azaldır. Reallıqda isə fərqli mənzərə ola bilər. İsrail bir neçə gündən sonra İrana hücüm etmək qərarına gələcəkmi, Ermənistan-Rusiya ziddiyyəti necə həll olunacaq və nəhayət Ukraynada ilin sonuna qədər sülh danışıqlarına start veriləcəkmi? Bütün bu sualların cavabları bölgəmizin gələcək taleyini həll edəcək. Ümid edək ki, bölgəmiz sülh və əməkdaşlıq bölgəsinə çevriləcək”.
Məhəmmədəli QƏRİBLİ