Paşinyan parlamentə buraxmadığı müxalif deputatlarla 4 kəndimizin üzərində oyun qurur...
Bəhruz Quliyev: “İlk baxışdan bunu hakim partiyanın məqsədyönlü addımı kimi qəbul etmək olar, amma bir az dərinə getsək daha təhlükəli nüansları üzə çıxarmış olarıq”
“Ermənistan Azərbaycanın Qazax rayonunun 4 kəndindən sərhədlərin delimitasiyası prosesinə başlanmasının əleyhinə deyil”. Ermənistan KİV-in verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“Biz Tavuş əyalətindən və Azərbaycanın Qazax rayonunun 4 kəndindən delimitasiya prosesinin başlanmasının əleyhinə deyilik”, - o qeyd edib.
Qeyd edilənə görə, Ermənistan Milli Assambleyası (parlamenti) müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə aprelin 9-da Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib. Bu məsələnin müzakirəsi bağlı qapılar arxasında aparılıb. Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və Ermənistan parlamentinin daha 9 deputatı iclasa buraxılmayıb.
Məlumat üçün bildirək ki, martın 7-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Ermənistanda müxalifət təmsilçiləri Azərbaycanın anklav kəndlərinin qaytarılma məsələsinin müzakirə olunduğu iclasa niyə buraxılmayıb? Burada nə kimi plan var? Paşinyan o adamların iclasda iştirak etməsindən qorxur, ya bu gələcək üçün gizli bir oyunun detalıdır ki, bu adamlar meydanda çıxıb “bizim heç nədən xəbərimiz yoxdir, sənədləri Paşinyan özü imzalayıb” deyə bilsinlər? Gələcəkdə bu, müxalifətin Paşinyanla oynamaqdan kənara çəkilməsinə bir baza, imkan, fürsət yaratmaq cəhdi kimi dəyərləndirilə bilərmi? Çünki əgər müxalifət o iclasda iştirak etməyibsə, bir-iki ildən sonra çıxıb “biz belə danışıqlar aparmamışıq” deyə bilərlər. Məqsəd də bundan ibarət ola bilərmi ki, müəyyən qüvvələri bu prosesdən kənarda saxlayıb, sonradan onları küçə hərəkatının qabağında aparıcı qüvvə kimi təqdim edə bilsinlər? Yəni burada Ermənistan tərəf nə dərəcədə səmimidir ki, sərhədlərdən ordunu belə lənğ geri çəkir?
“Bu bir “erməni gedişi” dir”
“SƏS” Media qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, baş verənlər yeni “erməni oyunu”dur. “Ermənistanın sülhə məcbur edilirkən təxribat əməllərini daim ehtiyatda tutması yenilik deyil. Destruktiv fəaliyyəti özünün qurtuluşu hesab edən rəsmi İrəvan bu addımların sonda nə ilə bitəcəyinin də fərqindədir. Amma edə biləcəyi yalnız oyunun qaydalarına qarşı çıxmaqdır. Ermənistanda idarəçilik baş nazirin əlində olduğunu kimi görünə bilər, amma belə deyil. İstənilən bir məsələnin həll olunmamasının səbəbkarı təkcə Paşinyan deyil, burada erməni kilsəsini və xarici ölkələrdəki erməni lobbisini unutmamalıyıq. Hər birinin hakimiyyətin qollarında öz adamları var və bu da idarəetməni çətinləşdirir, yekdil qərarın verilməsində problemlər yaradır. Diqqət edin, parlamentdə Ermənistanın taleyüklü məsələsi həll olunur, amma ən böyük müxalifət fraksiyası iclasda iştirak etmir, yaxud müzakirələrə buraxılmır. İlk baxışdan bunu hakim partiyanın məqsədyönlü addımı kimi qəbul etmək olar, amma bir az dərinə getsək daha təhlükəli nüansları üzə çıxarmış olarıq. Deməli, hakim partiyanın çoxluq təşkil etdiyi parlament işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmaq barədə qərar verir, amma səsvermədə müxalifət iştirak etmir. Bu isə o deməkdir ki, indiki hakimiyyət səlahiyyətlərini yerə qoyan kimi həmin qərar da qüvvəsini itirəcək. Yəni indiki müxalifət hakimiyyətin verdiyi sərəncamları, qərarları bugündən tanımadığını bəyan edir. Əvvəldə dediyimiz kimi, bu, bir “erməni gedişi”dir.
Sərhədlərin delimitasiyasına işğal altındakı 4 kənddən başlamaq təklifi də ermənilərin növbəti təxribatıdır. Hər kəsə bəllidir ki, Azərbaycan Qazaxın işğal altındakı 4 yox, 7 kəndini geri qaytarmaq istəyir. Bu, bizim haqqımızdır, əks təqdirdə Azərbaycanın ərazi bütövlüyü tamamlana bilməz”-deyə qeyd edən B.Quliyev bildirdi ki, Azərbaycan dövləti əvvəllər olduğu kimi, bu məsələni də sülh, qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışır. “Amma rəsmi İrəvan delimitasiya prosesini də hərbi-siyasi oyunlarına qurban vermək niyyətindədir. Yenə də müxalifətin “xidmətindən” yararlanmaq istəyir. Bu yaxınlarda müxalif “Hayastan” fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyanın Tovuzqala bölgəsinə getməsi, orada keçirdiyi görüşlər diqqət çəkir. O, Azərbaycanın işğal altındakı kəndlərində qanunsuz məskunlaşdırılan ermənilərlə görüşündə bu torpaqların geri qaytarılmaması üçün, hətta ölüm-dirim savaşı aparmaq üçün silahlanmağı, yeri gəlsə hakimiyyətə qarşı vurumağı tapşırıb. Bu, əslində Paşinyanın da işinə yarayır, yəni “bax, mən torpaqları geri qaytarmaq istəyirəm, amma kəndlərdə yaşayanlar çıxmaq istəmir” mesajını verir. Bütün bunlara baxmayaraq, Azərbaycan işğal altındakı bütün torpaqlarını son qarışına qədər geri qaytarmaqda israrlıdır”-deyə B.Quliyev əlavə etdi.
İradə SARIYEVA