500-600 illik eksponatlar "su qiymətinə" satılır…
Zaur Əliyev: “Ölkənin tarixini və milli kimliyi təmsil edən əşyalar şəxsi kolleksiyada necə ola bilər?”
Azərbaycanda onlayn şəkildə fəaliyyət göstərən hərrac resurslarında tarixi dəyəri yüksək olan əşyaların, eləcə də pulların satışı həyata keçirilir. Bu səhifələrdə yaşı az qala mini keçən eksponatlar adi bir əşya kimi, ucuz satılır.
Məsələn, bir müddət əvvəl belə səhifələrdən birində 1344-56-cı illərdən qalan gümüş sikkə cəmi 25 manata, Hülakü xan dönəminə (1256-65) aid gümüş sikkə isə 50 manata satılıb.
Maraqlıdır, əsrlərlə yaşı olan bu sikkələrin və digər tarixi əşyaların belə ucuzlaşdırılmasına səbəb nədir? Bunlar necə və kimlər vasitəsilə hərraca çıxarılır?
“Sosial şəbəkələrdə müxtəlif hərrac səhifələri var, orda Azərbaycanın tarixinin müəyyən dövrlərinə aid olan dəyərli əşyaların, tapıntıların satışı rahat surətdə həyata keçirilir”
Tarixçi alim, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sosial şəbəkələrdə müxtəlif hərrac səhifələri var: “Həmin səhifələr Azərbaycanın tarixinin müəyyən dövrlərinə aid olan dəyərli əşyaların, tapıntıların satışını rahat surətdə həyata keçirir. Bir ay öncə Azərbaycanda erkən orta əsrlərə aid çox dəyərli üzük satışa çıxarıldı, üzərində Qobustan qayalarında rəsmi olan Kayı boyunun damğası ilə. Ancaq qiyməti çox baha idi. “Facebook” sosial şəbəkəsində analoji hərrac səhifələri var. Bir neçə dəfə onlardan soruşdum ki, tarixin müxtəlif dövrlərinə aid pulların, sikkələrin və digər tarixi əşyaların hansısa naməlum şəxslər tərəfindən bu səhifədə hərraca çıxarılması nə dərəcədə doğrudur? Mən bir neçə dəfə müəyyən qurumlardan məsələ ilə bağlı məlumat istədim, verdikləri cavaba diqqət edin: “Bu əşyalar şəxsi kolleksiyalara aid olduğundan ölkə ərazisində dövriyyəsinə məhdudiyyətlər tətbiq olunmur”. Ölkənin tarixini və milli kimliyi təmsil edən əşyalar şəxsi kolleksiyada necə ola bilər? Sabah mən gedib xəzinə tapsam, onu tutub dərhal əlimdən alacaqlar ki, dövlət malıdır. O zaman bu əşyalar haradan tapılıb və şəxsi kolleksiyalara verilib? Bunlar məgər xəzinə və sərvət axtaran qara arxeoloqlara məsuliyyət yaratmır?”.
Günel CƏLİLOVA