Sosial şəbəkələr üzərindən soyuq silah alveri gedir...
Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan edilən soyuq silahlar, beşbarmaq, qələm formasında olan gözyaşardıcı qazlar sosial şəbəkədə açıq şəkildə satışa çıxarılıb. Sosial şəbəkədə istənilən forma, dizayn və ölçüdə beşbarmaq, bıçaq, habelə soyuq silah sayıla biləcək digər vasitələr almaq mümkündür.
Qeyd edək ki, açıq formada satışı həyata keçirilən bu məhsullara maraq da az deyil. Satışa çıxarılan bu tip əşyanın şəklinin altındakı şərh və bəyənmə saylarına diqqət edən zaman bəlli olur ki, bunlara maraq yüksəkdir.
Şəmsəddin Əliyev: “Sabitliyin təmin olunduğu şəhərdə, ölkədə vətəndaşların həyat və sağlamlığı üçün təhlükə törədə biləcək soyuq silahların əldə edilməsi, satışı yol verilməzdir”
Mövzu ilə bağlı fikir bildirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların sağlamlığına zərər verə biləcək soyuq silahların satışı qadağandır: “Təəssüf ki, bu gün sosial şəbəkədə onlayn şəkildə soyuq silahların satışı ilə bağlı məlumatlar yayılır. Sosial şəbəkədə bu cür satışın keçirilməsi, reklamın aparılması belə düzgün deyil. Bu, ictimai təhlükəsizliyin qorunmasına uyğun gəlmir. Soyuq silah satışı ilə məşğul olan səhfələrə aidiyyəti qurumlar tərəfindən nəzarət edilir”.
Həmsöhbətimiz onu da əlavə ki, sabitliyin təmin olunduğu şəhərdə, ölkədə vətəndaşların həyat və sağlamlığı üçün təhlükə törədə biləcək soyuq silahların əldə edilməsi, satışı yol verilməzdir: “Beşbarmaq deyilən silah adi oyuncaq deyil, bu, insan sağlamlığına zərər yetirə bilər. Eynilə digər soyuq silahlar da insan həyatı üçün risqdir. Onu da deyim ki, silahların təbliğatı hansı səhfələrdə aparılırsa aidiyyəti şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdır”.
Hüseyn Axundov: “Qanunvericiliyə görə, soyuq silahların alışı, satışı və gəzdirilməsi qanunla qadağandır”
Hüquqşunas Hüseyn Axundov da “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, soyuq silah hesab ediləcək bıçaq, beşbarmağı satanlar cinayət məsuliyyətinə cəlb edilməlidir: “Qanunvericiliyə görə, soyuq silahların alışı, satışı və gəzdirilməsi qadağandır. Beşbarmaq qanunla tam qadağan edilmiş soyuq silahdır. Onun satışı, gəzdirilməsi artıq cinayət məsuliyyətidir. Onlayn mağaza olsa belə, müvafiq qurumlar tərəfindən həmin səhifənin idarəçilərini tapmaq mümkündür”.
Günel CƏLİLOVA