Ermənistan hərbi revanş planlarına İngiltərəni də qoşmaq istəyir...
Elşən Manafov: “Bu, Londonun regionla bağlı geosiyasi maraqları və bölgənin srtateji əhəmiyyəti ilə əlaqədardır”
Ermənistan Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin edib. Bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Bildirilir ki, belə bir qərar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə verilib. Qərarın əsaslandırılması göstərir ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf edir və ona britaniyalı zabitlər tərəfindən keçirilən komandir hazırlığı kursları, beynəlxalq sülhməramlı qüvvələrdə iştirak, habelə illik hərbi və hərbi-siyasi məsləhətləşmələr daxildir.
Maraqlıdır, Ermənistanın Böyük Britaniyada hərbi attaşesi nə məqsədlə yaradılır? Erməni tərəfində İngiltərənin bu bölgədə indiki status-kvoya münasibətinin dəyişəcəyinə yəni bu dərəcədə inanırlar ki? Böyük Britaniya bu bölgədə siyasətini dəyişə bilər? Bir sözlə, bunda nədir məqsəd?
“Britaniyanın Ermənistanla münasibətlərində olan yaxınlıq heç bir vəchlə Azərbaycana qarşı deyil”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, Böyuk Britaniyanın Cənubi Qafqazla bağlı geosiyasi maraqları və bölgənin srtateji əhəmiyyəti ilə əlaqədardır: “Region Avropadan Asiyaya gedən ticari, iqtisadi yolların üzərində yerləşir. Bu yolların da tranzit əhəmiyyətli olması bəllidir. Regionda Britaniyanın enerji resursları ilə bağlı maraqları var. London Xəzər neftinin hasilatı və satışında xüsusi paya malikdir. “Əsrin kontraktı” çərçivəsində əldə edilmiş sazişdə Britaniyanın BP şirkəti 44 faiz paya malikdir və bu anlamda rəsmi London Bakının ticari tərəfdaşıdır. Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola böyük önəm verir. Qarabağ probleminin nizamlanması ətrafında gedən müzakirələrdə o adətən, Qərbdəki digər həmkarlarından fərqli olaraq, daha obyektiv mövqe sərgiləyib. Britaniyanın regionla bağlı maraqlarında dəhlizlər məsələsi də xususi yer tutur. Buna görə rəsmi London Zəngəzur dəhlizi ətrafındakı danışıqlara xüsusi maraqla yanaşır. Hazırda Britaniyanın Ermənistanla münasibətlərində olan yaxınlıq heç bir vəchlə Azərbaycana qarşı deyil. Əksinə, London Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərində olan problemlərin nizama salınmasında vasitəçilik etməyə hazırdır. Londonun İrəvanla münasibətlərində olan istiləşmə Paşinyan iqtidarının həyata keçirdiyi siyasətlə bağlıdır. Rəsmi İrəvanın Qərbə inteqrasiya kursu London tərəfindən də bəyənilir. Digər tərəfdən, Britaniya kollektiv Qərbin digər dövlətləri kimi Ermənistandan Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın dəyişdirilməsi, Rusiya və KTMT ilə münasibətlərdə qarşıdurmanın gücləndirilməsi məqsədilə istifadə etmək niyyətindədir. Ermənistanın KTMT-də fəaliyyətini dondurması ilə bağlı mövqeyindən sonra onu Rusiyadan ehtimal edilən təhlükələrdən qorumağa hazır olduğunu bildirib. Belə bir bəyanatla Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi çıxış edib. Hətta parlament qarşısında bununla əlaqədar tədbirlərin görülməsinin vacibliyini bildirib. ABŞ-ın ardınca Britaniyanın əsas məqsədi Rusiyanı postsovet məkanında daha bir münaqişəyə cəlb etmək, onun nüfuz dairəsini daraltmaqdır. Bundan əlavə, Britaniya Ermənistanın silah bazarında yer tutmaq, onunla hərbi-texniki sahədə əməkdaşlıq etmək istəyir. Bu isə hərbi mütəxəssislərin proseslərə cəlb olunmasını zəruri edir. Hərbi attaşelərə olan ehtiyac da bundan irəli gəlir”.
Vidadi ORDAHALLI