Gənclərimizin vətənpərvər tərbiyə modelinin başqa ölkələrdən fərqləri...
Hər bir gənc öz vətəninin bütövlüyünü, azadlığını dərk etməli, onu göz bəbəyi kimi qorumağı bacarmalıdır. Gənclərin tarixi ənənələrə bağlılığı, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməsində təzahür tapmalıdır. Sözsüz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi üçün kompleks tədbirlər həyata keçirilir və bu, mütəmadi xarakter daşımalıdır.
Hər bir dövlətin gələcəyi, inkişafı və formalaşması həm də gənclərin tərbiyəsindən asılıdır. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı isə fundamental əsaslar üzərində aparılan praktiki işin nəticəsində mümkün olur. Dövlətin uğurlu gənclər siyasəti də məhz düşünülmüş, ardıcıl proqram xaraterli layihələrin nəticəsi hesab edilir.
Bu siyasətin düzgün aparılması gənclərimizi digər ölkələrin gənclərindən fərqləndirir və ölkəmiz üçün bunun böyük faydası oldu.
Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi…
Ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.
Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son iki il ərzində gənclərlə bir neçə dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib, gənclər təşkilatlarının sərgisinə baxış keçirib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir.
Bütün bunların nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu siyasətin sayəsində Azərbaycan gənclər sektoru bütün sahələr üzrə dünyanın digər ölkələrinin gənclərindən kəskin fərqlənən böyük tərəqqiyə nail olub. QHT sədrinin sözlərinə görə, Azərbaycanda gənclər sahəsində tədbirlər kompleks şəkildə hazırlanır və həyata keçirilir və bunun nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb: “Ölkəmizdə müntəzəm olaraq keçirilən böyük idman yarışları, idmançılarımızın beynəlxalq turnirlərdə əldə etdiyi çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin bariz təzahürləridir. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək, uğurla icra edilir. Bu sırada "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. Bu proqramlar nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alır, savadlı kadr kimi yetişirlər. Təhsildən sonra isə gənc kadrlar müvafiq işlərə qəbul olunur və "Yüksəliş" kimi müsabiqələr nəticəsində vəzifələrə təyinat alırlar.
Hazırda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur. Bütün bunların nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, onların ictimai həyatda rolu önəmli dərəcədə artıb.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" da hazırda uğurla icra edilir. Hər il 10 nəfər gəncə fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir”.
Azərbaycan gəncliyi Vətən müharibəsində tarix yazdı
Arzuman Abdulkərimov qeyd edib ki, Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən də layiqincə gəlib: “Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər olub. Vətən müharibəsindəki Qələbəmiz həm də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi.
Yüksək təhsilli və vətənpərvər gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Savadlı gənclərimiz Azərbaycan həqiqətlərinin, torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası ilə bağlı mövqeyimizin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynayırlar”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.