"Azərbaycanın sülh səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməlidir" - Ceyhun Bayramov
Aprelin 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov Azərbaycanın qardaş Mərkəzi Asiya və KƏŞ ölkələri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən Ceyhun Bayramov Qoşulmama Hərəkatına sədrliyimiz dövründə olduğu kimi “Qlobal Şimal” və “Qlobal Cənub” arasında əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpaolunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ölkəmizin bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.
Ceyhun Bayramov, eyni zamanda, ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.
Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.
TAHİR