Üçüncü dünya müharibəsi qapıdadır...
Dünən axşamdan başlayaraq İranın İsrailə hücumlarına start verilib. Uzun müddətdir ki, ətrafında ajiotaj yaradılan İran-İsrail müharibəsi İranın PUA-larla İsrailə hücum etməsi artıq bütün dünyada üçüncü dünya müharibəsi risqini də gündəmə gətirib. Bəşəriyyətin lokal qanlı müharibə ocaqlarına çevrildiyi, qanlı toqquşmaların baş alıb getdiyi bir zamanda İranın bir atımlıq barıt kimi İsraildən “qisas alması” artıq həm də dünyanın üçüncü dünya müharibəsi risqi baxımından bütün iplərin qopması deməkdir. Düzdür, artıq İran bu “cahanşümul qisas əməliyyatından” sonra artıq hücumları sonlandırdığını, İsrailə “möhkəm dərs verdiyini” elan edib. Əli Xamenei başda olmaqla İran rəsmiləri artıq İsrailə əməllicə “qulaqburması” verdiklərini elan ediblər və bildirirlər ki, şər qüvvə bir də cürət edib İrana tərəf boylanmaz....
Əlbətdə, açıq şəkildə görünür ki, dünən axşam, gecə qaranlığında İran hətdda korafəhmlərin belə aydın şəkildə anlayacağı uğursuz tamaşa oynadı və elə uğursuzluqla da tarixə yazıldı. Hələ heç bir dövlət açıq şəkildə qanlı müharibə üçün düyməni basmayıb. Amma görünən odur ki, bu cür uğursuz müharibə tamaşaları həqiqi müharibəni də qaçılmaz edir. İndi İranın bu “ölümcül qisas” oyunundan sonra İsrailin də əlində öz təhlükəsizliyinin qayğısına qalmaq üçün tutarlı fakt keçib. Sabah İsrail də İran kimi yalançı deyil, həqiqi qisas əməluiyyatına başlasa ona qarşı etiraz səslərini ancaq barmaqla saymalı olacaqsan. Niyə? –çünki buna İran əsas verir. Necə ki, bir cümə günü sübh tezdən israilin ərazisinə 500 raket atmaq üçün İranın dini lideri Ə.Xamenei “xeyir-dua” vermişdi “Həmas”a. Nəticə nə oldu?- o oldu ki, əvvəlcə onlarla israil vətəndaşı, cavab zərbəsi olaraq isə yüzlərlə fələstinli qanına qəltan edildi. Fələstinli uşaqlar, qadınlar məhv edildi, xəstəxanalar dağıdıldı. Kim əsas verdi buna? – İran!
İndi bizi düşündürən əsas məsələ beynəlxalq oyunçular arasındakı qanlı müharibə prosesinin bizim bölgəni əhatə etməsidir. Daima sabitlik və təhlükəsizlik ölkəsi kimi tanınan Azərbaycan üçün bu qanlı toqquşmalar nə kimi təhlükə yarada bilər?
Əlbətdə, dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş balanslı siyasət sayəsində təhlükəsizlik, sabitlik adası kimi tanınmaqda davam edir. Bu mənada demək olar ki, dövlətimiz daxili risklərin hamısını aradan qaldırmış və xarici risklərdən isə özümüzü qoruya bilib. Elə təkcə Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən bir fraqmenti xatırlayaq. Dövlər başçısı çıxışında qeyd edirdi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Bəli, Azərbaycan bütün parametrləri ilə təhlükəsizlik adası kimi tanınır. Amma nəzərə alsaq ki, 30 il Azərbaycanın qanuni ərazilərini işğal altında saxlayan, Azərbaycan xalqına qarşı genosid və terror icra edən Ermənistan yenə istifadə olunan morianetka dövlət mövqeyindədir. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planları işə salınıb. Bu, artıq təkzibolunmaz faktdır. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Fransa, Avropa İttifaqı kimi qərb güclərinin əlində oyuncağa çevrilən rəsmi İrəvan 44 günlük zəfər müharibəsindən sonra revanşist təxribatlarla gündəmə gəlib. Qərbdəkilərin fitvası ilə Azərbaycana qarşı qanlı təxribatlara cəhd edən Ermənistan, bu gün bölgədə sülh və inkişaf üçün ən böyük təhlükəyə çevrilib. Marionetka ölkə üçün fərqi yoxdur: dünən ruslara qulluq edirdi, bu gün Makrona, almanlara, ABŞ-dakılara. Çünki Ermənistan tarix boyu beynəlxalq güclərin qanlı oyunları üçün stukaçı rolunu oynayıb. Elə indi olduğu kimi...
Və sonda gəlinən qənaət odur ki, beynəlxalq gərginliyin pik həddinə çatdığı bu vaxtda milli birliyimizə, cəmiyyət olaraq bir yumruq kimi həmrəy olmağımıza çox böyük ehtiyac var. Yalnız milli birliyimiz, xalq və ölkə olaraq mili maraqlarımızı hər şeydən üstün tutmağımız bizi dünyadakı bütün təlatümlərdən salamat çıxara bilər. Təkcə zəngin tariximizə bircə dəfə ötəri nəzər yetirmək bəs edər ki, milli birliyimizin əzəmətini bir daha dərk edək.
Mətləb Salahov