İngiltərədən Rusiyanı özündən çıxaracaq qərar - Ukrayna üçün xüsusi silah hazırlayırlar...
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps 2027-ci ildə hazır olması planlaşdırılan uzaqmənzilli lazer silahı "The DragonFire"ın Ukrayna tərəfindən Rusiyaya qarşı istifadə edilməsi üçün istehsalının sürətləndiriləcəyini açıqlayıb.
Nazir Şapps, təhlükələr qarşısında hərbi istehsal anlayışının da dəyişdiyini bildirib.
"The DragonFire" üzərindəki işləri sürətləndirməyi planlaşdırdıqlarını qeyd edən Şapps, sistemin pilotsuz təyyarələri məhv edə biləcək bir silah olacağını açıqlayıb.
Sistemin dəniz, quru və hava nəqliyyat vasitələrinə quraşdırılması planından bəhs edən Şapps deyib ki, onlar "DragonFire"ın 2027-ci ilə qədər Ukraynanın əlində olmasını təmin etmək üçün nə etməli olduqlarını dəyərləndirirlər.
"DragonFire"ın pilotsuz təyyarə və raket hücumlarını dayandırmaq üçün daha ucuz bir sistem olacağına dair gözləntilərini ifadə edən Şapps bildirib ki, sistem, sahəyə girmədən əvvəl 99 faiz mükəmməlliyə çatmağı gözləməyəcək, 70 faizlə sahəyə girmək və orada inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
MBDA, Leonardo, QinetiQ və İngiltərə Müdafiə Nazirliyinin Müdafiə Elm və Texnologiya Laboratoriyası tərəfindən hazırlanan "DragonFire" işıq sürəti ilə hərəkət edən lazer şüası ilə hədəfi vurur.
TAHİR