Qazaxın kəndləri məsələsində Paşinyan erməni cəmiyyətini inandırmaq, dünyanı isə aldatmaq istəyir...
Baş nazir çox bicliklə düşünülmüş aldadıcı məntiqi sxem qursa da, biz hər şeyi başa düşürük.Yəqin vicdanlı ( vicdansızlar onsuz da heç nəyə dəyər vermir) dünya diplomatlarına da qaranlıq bir şey qalmaz. Ancaq Paşinyandan məhz belə sxemlər gözləyən dairələr onu " göydə qapır" və Azərbaycana qarşı, eləcə də Ermənistanın revanş hazırlıqlarına dəstək vermək üçün istifadə edirlər...
Bunu özünün social media hesabında “Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb.
A.Quliyev daha sonra yazır:
Paşinyan hökumət üzvləri ilə Azərbaycana qeyd-şərtsiz qaytarmalı olduqları 4 eksklav kənddən danışıb və sözügedən həmin məntiqi sxemini hökumət üzvlərini inandırmaq üçün düzüb-qoşub.
O deyib:
1.Məndən soruşurlar ki, kəndləri Azərbaycana qaytarandan sonra təhlükəsizliyimizə təminat olacaqmı? Mən deyirəm ki, olmayacaq.Ancaq əgər delimitasiyanı Tavuşdan başlamağa razı olmasaq, təhlükəsizliyimizə təhdidlərin sürətlə artacağına təminat var.
2.Məndən soruşurlar ki, Tavuşdan başlayan delimitasiyaya razı olsaq, bizə yeni hücumların olmayacağına təminat varmı? Deyirəm ki, yoxdur. Ancaq razı olmasaq, yeni güclü hücumların olacağına təminat var.
3.Məndən soruşurlar ki,Tavuşdan delimitasiyaya başlasaq, Azərbaycanın digər sahələrdə də delimitasiyanı davam etdirəcəyinə və bizim 31 kəndimizi qaytaracağına təminat varmı? Deyirəm ki, yoxdur. Lakin bunu etməsək, Azərbaycanın bizim üçün həyati əhəmiyyətli kəndlərimizi qaytarmayacağına təminat var.
Paşinyanın sözləri formal olaraq dolaşıq məntiqi ritorika kimi görünə bilər. Lakin mahiyyət çox bic düşünülmüş sxemə söykənir. Belə ki, Paşinyan həm erməni cəmiyyətini inandırmaq, həm də dünyanı aldatmaq istəyir. Necə?
Ümumi ifadə etsək, Paşinyanın sual-cavab metodikasını belə formaya sala bilərik: "Tavuşdan başlayaraq delimitasiyaya razılıq verməsək, təhlükəsizliyimizə təhdidlər sürətlə artacaq, Azərbaycan yeni hərbi hücumlar edəcək, digər sahələrdə delimitasyaya getməyəcək, 31 kəndimizi qaytarmayacaq"...
Paşinyanın öz erməni cəmiyyətini delimitasiyanın Tavuşdan başlanmasına inandırmaq istəməsi normaldır. Bu elə Azərbaycanın da prinsipidir. Çünki Prezidentimiz İlham Əliyev hələ çox əvvəllər birmənalı deyib ki, Qazaxın anklav olmayan 4 kəndi qeyd-şərtsiz qaytarılmalıdır, ondan sonra isə digər sahələrdə delimitasiya başlaya bilər. Sərhəd xətləri mübahisəli olsa da, Azərbaycan Prezidentinin dediyində dəmir məntiqi odur ki, bu kəndlərin hələ sovet dönəmində Azərbaycanın olduğunu ermənilər özləri də yaxşı bilir. Bu halda mübahisəsiz 4 kəndin qaytarılmamasının izahı həqiqətən yoxdur.
Lakin Paşinyanın öz məntiqi sxemi ilə dünyanı aldatmaq cəhdinin üstündən keçmək olmaz. Belə ki, Paşinyan 1-ci sualla bağlı öz məntiqi sxemində dünyaya "Azərbaycan bizim təhlükəsizliyimizə təhdid mənbəyidir və bu təhdid daha da güclənəcık" mesajını verir. Diqqətlə bir də oxusanız, hər şeyə siz də əmin olacaqsınız .
Paşinyan 2-ci sualla bağlı məntiqi sxemində dünyaya "Azərbaycan bizə yenidən hücum edəcək" mesajını verməklə iki ölkənin indiyə qədərki münasibətlərinin, guya Azərbaycanın Ermənistana hücumları üzərində qurulduğu barədə rəy yaradır. "Azərbaycanın yeni hücumlar edəcəyinə təminat var" sözlərindən başqa hansı nəticəni çıxarmaq olar ki?!.
Paşinyan 3-cü suala aid məntiqi sxemində Azərbaycanla bağlı dünyanı 2 məsələdə aldatmaq istəyir. Əvvəla, "guya Azərbaycanın bütün sərhəd sahələrinin delimitasiyasında ardıcıl və maraqlı olmadığını "çatdırır. Sonra isə " 31 kəndimizi qaytarmayacaq" deməklə Azərbaycanın, guya 31 erməni kəndini işğal etdiyini təlqin etmək istəyir...
Halbuki, regionda təhlükəsizliyə təhdid mənbəyi də, yeni təcavüzün mənbəyi də, delimitasiyada ardıcıl maraqlı olmayan da, qarşı tərəfə ərazi iddialarında olan da məhz və məhz Ermənistandır...
SAMİRƏ