Azərbaycan cinayətkar dəstə rəhbərini Qazaxıstana verdi...
Qazaxıstan Baş Prokurorluğu və Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları tərəfindən Xarici İşlər Nazirliyinin yardımı ilə mütəşəkkil cinayətkar dəstə yaratmaqda və rəhbərlik etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunmaq üçün Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, şübhəli 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə xalq istehlakı malları gətirməklə məşğul olan, həmçinin, gömrük ödənişləri və vergiləri ödəməkdən yayınan cinayətkar dəstəyə bilavasitə rəhbərlik edib. Sözügedən fəaliyyət nəticəsində dövlətə 4 milyard tengedən (8,8 milyon dollar) artıq zərər dəyib.
Həmin şəxs cinayətləri törətdikdən sonra istintaqdan gizlənib və beynəlxalq axtarışa verilib.
Daha sonra şübhəli Azərbaycan ərazisində müəyyən edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qazaxıstan Baş Prokurorluğunun şübhəlinin təhvil verilməsinə dair sorğusunu təmin edib.
Hazırda şübhəli Aktau şəhərində istintaq təcridxanasında saxlanılır.
İttiham olunduğu cinayətə görə ona qarşı əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi tərəfindən həmin mütəşəkkil cinayətkar dəstənin fəaliyyətində iştirak edən 12 nəfər artıq müxtəlif növ cəzalara məhkum edilib.