Fransanın "şeytan əməli" - bütün postsovet məkanında vəziyyəti qarışdırmağa çalışır...
Postsovet məkanında Fransanın getdikcə daha dağıdıcı kənar qüvvə rolunda çıxış etməsi müşahidə edilir. Cənubi Qafqazda Ermənistan vasitəsilə gərginliyi artıran Fransa bu gün Ukraynada da vəziyyəti qarışdıran əsas xarici qüvvədir.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişşuk bu fonda qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.
Fransa liderinin müvafiq bəyanatlarını şərh edən diplomat bildirib ki, belə sözlər narahatlıq doğurmaya bilməz. Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər: “Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risqlərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”. Bundan əvvəl Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Bunlar fonunda Britaniyada çıxan “The Telegraph” qəzeti yazır ki, Fransa tarixə Antanta adı ilə daxil olmuş Britaniya-Fransa hərbi-siyasi ittifaqını da diqçəltməyə çalışır. Tarixə Antanta adı ilə daxil olmuş Britaniya-Fransa hərbi-siyasi ittifaqının 120-ci ildönümünə həsr olunmuş birgə bəyanatda deyilir: “Ukrayna Rusiya ilə müharibədə mütləq qalib gəlməlidir, Qərb müttəfiqləri isə Rusiyanın məğlubiyyətini təmin etmək üçün daha çox səy göstərməlidirlər”. Bəyanatı Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejurne elan edib. Qəzetin dərc etdiyi birgə bəyanatda daha sonra deyilir: “Əgər Ukrayna uduzsa, biz hamımız uduzacağıq. Bizim indi Ukraynanı dəstəkləmək qabiliyyətimizin olmamasının bədəli Putin təcavüzünün dəf edilməsinin bədəlindən ağır olacaq”. Maraqlıdır ki, The Telegraph məqaləni "Yeni Antanta" adlandırıb. Məqalədə Kiyevə London və Paris tərəfindən göstərilmiş yardımlardan, o cümlədən “Scalp” və “Storm Shadow” raketlərindən, Ukrayna pilotlarının təlimlərindən bəhs olunur. Eyni zamanda vurğulanır ki, Ukraynanın dəstəklənməsi üçün bundan da çox səylər göstərilməlidir. Məqalədə fevral ayında Parisdə keçirilmiş müşavirə yada salınır. Həmin müşavirədə Ukraynaya NATO ölkələri qoşunlarının göndərilməsi məsələsi müzakirə olunmuşdu. Kemeron və Sejurne qeyd ediblər ki, Antantanın yaradılmasından 120 il keçməsinə baxmayaraq, Fransa və Britaniya bu gün də dostluqlarını qoruyub saxlayırlar, onların birgə tarixi isə, hətta “ən ümidsiz günlərdə də” gələcəyə nikbinliklə baxmaq imkanı verir: “İndiki çətinliklərimizin aradan qaldırılması üçün biz başqalarını arxamızca apara bilərik”.
Bu da qeyd olunur ki, Fransa-Britaniya ittifaqının 120-ci ildönümü münasibətilə bir sıra qeyri-adi mərasim və tədbirlər keçirilib. Londonda “Bukingem” sarayındakı qarovul dəyişməsi mərasimində fransız hərbçilər, Parisdə Yelisey sarayındakı analoji mərasimdə isə britaniyalılar iştirak edib. Xatırladaq ki, adı fransızca “l’Entente cordiale” – “könül razılaşması” ifadəsindən yaranmış Antanta Fransa və Britaniya arasında 1904-cü ildə bağlanmış hərbi-siyasi ittifaq idi. Həmin ilin 8 aprelində imzalanmış bir sıra razılaşmalar vasitəsilə iki ölkə arasında müstəmləkələrə dair bir çox mübahisələr həllini tapıb. Həmin vaxt artıq Fransa və Rusiya arasında belə bir müqavilə imzalamışdı. Beləliklə, iki müqavilənin əsasında 1907-ci ildə Üçlü Antanta – Fransa, Rusiya və Britaniyadan ibarət ittifaq yaranıb. 1914-cü ildə başlanmış I Dünya müharibəsində Mərkəz dövlətləri – Almaniya və onun müttəfiqləri ilə qarşıdurmaya da məhz bu ittifaq daxil olub. Rusiya inqilabın ardınca Antantanı tərk erdikdən sonra yaranmış Fransa, Britaniya və ABŞ hərbi ittifaqı da Antanta adlandırılmaqda davam edirdi. Amma Rusiyanın nə vaxtsa Antanta üzvü olması barədə Sejurne və Kemeronun birgə bəyanatında heç nə deyilmir. Əvəzində Fransa Rusiya ilə də qarşıdurmanı gücləndirir. Rusiya ilə qarşıdurmanın əsas məkanlarından biri qismində isə Ermənistan seçilib. Məsələnin bu tərəfinə nəzər salan italiyalı analitik Valentina Şabert qeyd edir ki, Fransanın fəaliyyəti Avropa İttifaqının (Aİ) sülh səylərini sarsıda bilər. Onun sözlərinə görə, bu yaxınlarda Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində imzalanan sənədlər Azərbaycanın mənfi reaksiyasına səbəb olub: “Fransanın Ermənistana hərbi texnika tədarük etməsi Azərbaycan tərəfindən mənfi qarşılanıb, çünki Cənubi Qafqaz regionunda hələ də sülh əldə olunmayıb. Ümumiyyətlə, ayrı-ayrı ölkələr öz maraqlarını ön plana çıxararaq sərbəst şəkildə hərəkət edir, Cənubi Qafqazda əvvəllər münaqişəli olan ölkələr arasında sülhün və dialoqun möhkəmləndirilməsi istiqamətində ümumavropa yanaşmasına əməl etmir. Bu isə bununla bağlı Avropa yanaşmasının parçalanmasına səbəb olur”. Ekspert “report”a açıqlamasında vurğulayıb ki, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı son fikirləri və onun Fransa diplomatlarını Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün digər Avropa aktorlarının səylərinə xələl gətirməməyə çağırması Bakı ilə İrəvan arasında normallaşma məsələsində İtaliyanın mövqeyini əks etdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Fransa Cənubi Qafqazda mövcudluğu müddətində kəşfiyyat məlumatlarının toplanması və regionda sabitliyi pozmaq kimi məqsədlər güdür: “Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinə mane olmaq cəhdidir. Paris Afrikada təhlükəsizliyi təmin edə bilməyib, ona görə də onun Cənubi Qafqazda bunu edə biləcəyinə inanmaq sadəlövhlükdür”.
Nahid SALAYEV