BQXK-nın Xankəndi ofisinin (indi Bərdə ofisi) keçmiş və indiki rəhbərliyi cinayət törədib...
"İki gün əvvəl Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Xankəndi ofisi öz fəaliyyətini dayandıraraq Bərdəyə köçdüyünü və fəaliyyətini orada davam etdirəcəyini bildirdi. Həm də bu xəbəri BQXK-nın Bakı ofisi yox, Yerevan ofisi yaydı... Sual doğurur..."
Bu fikirlər Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin son fəaliyyəti barədə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb. A.Quliyev daha sonra yazır: "Xankəndi ofisi Qarabağ münaqişəsi başlayandan məhz burada fəaliyyət göstərirdi. Bütün təlimatları da Yerevandan və separatçı rejimdən alırdı. 44 günlük müharibə bitəndən sonra da Xankəndidən çıxmadı, 23 saatlıq Antiterror əməliyyatları bitənə qədər separatçıların konspirasiyalı komunikasiya mexanizmi kimi fəaliyyət göstərdi, onun avtomobilləri ilə separatçı cinayətkarlar Xankəndi-Yerevan marşrutu üzrə sərbəst gedib-gəldilər. 2023-cü ilin 23 aprelində Azərbaycan Laçın yolunda KPP quraşdıraraq Xankəndiyə humanitar yardımın Bərdə-Ağdam yolu ilə daşınmasını təklif etsə də, Xankəndi ofisi şübhəli səbəblərlə buna getmədi və yenə də Yerevanın təlimatı ilə işləməkdən əl çəkmədi. Hətta 28 sentyabr 2023-cü il tarixdə üzdəniraq "DQR" in özünü buraxması da Xankəndi ofisinə təsir etmədi və ermənilərin mütəşəkkil qaydada kütləvi köçüb getdikləri yerdə fəaliyyətini daha 6 ay sürdürməkdə davam etdi. İndi də Bərdəyə köçdüyünü deyir…
Bərdədə BQXK-nın ofisi Azərbaycanın nəyinə lazımdır? İşləmək istəyirsə, Bakı ofisi ilə birləşərək niyə işləmədi? Bir ölkədə BQXK-nın neçə ofisi olmalıdır? Məgər Yerevanda BQXK-nın 2 müstəqil ofisi var?.. Azərbaycanda niyə 2 ofis olsun? Ümumiyyətlə, münaqişə artıq bitibsə, Azərbaycanda BQXK-nın ofisinə nə ehtiyac qalıb?...
Ən kəskin sual hələ bunlar deyil. 90-cı illərdən 28 sentyabr 2023-cü il tarixədək Xankəndidə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini tanımayan separatçı rejimlə tam işbirliyi şəraitində işləyən, ondan təlimat alan, bütün fəaliyyət proqramını cinayətkar separatçı qurumdan almış BQXK-nın Xankəndi ofisi özü də cinayətlərin ortağı olmadımı? Əslində, BQXK-nın Xankəndi ofisinin keçmiş və indiki rəhbərləri də Azəbaycanın ərazi bütövlüyünə və süverenliyinə qarşı cinayətlər törətməyibmi? Azı 30 il separatçı bölgənin "hakimiyyəti" ilə əlbir işləmiş bir ofis cinayət məsuliyyəti payından niyə kənarda qalmalıdır?
Faktlar sübut edir ki, BQXK-nın Xankəndi, indi isə Bərdəyə köçdüyünü deyən ofisinin bütün keçmiş və indiki rəhbərləri, işçi personalı xalqımıza və Azərbaycan dövlətinin süveren haqlarına qarşı cinayət törədiblər. Bu dövrdə Xankəndi ofisinə rəhbərlik etmiş BQXK personalı separatçı cinayətkarın bircə tapşırığını, göstərişini geriyə çevirdimi? Təbii ki yox... Onlar ötən azı 30 ildə mülki və hərbçi azərbaycanlılara qarşı törədilmiş cinayətlərin bir çoxu barədə əsl həqiqətləri qapalı qovluqlarda hələ də gizlədirlər...
Bütün gizlinlər açılmalıdır..."
Mətləb