Brüsseldən sonra "təhlükəsizlik prosesi" başladı - AB-nin Komitə sədri İrəvana gəldi...
Turab Rzayev: “Bölgəyə olunan bu səfər hər üç ölkə ilə fərqli müstəvidə siyasəti hansısa şəkildə uğurlu hala gətirmək məqsədi üçündür”
Baş nazir Nikol Paşinyan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və bu kontekstdə Ermənistan-Avropa İttifaqı əməkdaşlığının ardıcıl inkişafının vacibliyini vurğulayıb. Xüsusilə də Brüsseldə Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli birgə görüşünün keçirildiyini qeyd edib. Nikol Paşinyan ölkəsində demokratik islahatların səmərəli həyata keçirilməsində Aİ-nin yardımının vacibliyini qeyd edərək, demokratiyanın ardıcıl inkişafının Ermənistan hökuməti üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Həmsöhbətlər regionda baş verən prosesləri və Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.
5 aprel görüşündən dərhal sonra belə bir yüksək Avropa heyətinin İrəvana səfər etməsi nə ilə bağlı ola bilər?
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqının nümayəndə heyəti təkcə Ermənistana yox, hər üç Qafqaz ölkəsinə səfər edəcək: “Hər üç Qafqaz ölkəsi ilə bağlı onların fərqli yanaşması var. Cənubi Qafqazda Avropa İttifaqının və Qərbin mövqeləri zəifləyir. Qərb öz mövqelərini möhkəmləndirmək üçün bölgədə yaranmış problemləri həll etməyə çalışır. Bunlar nədir? Azərbaycanla bağlı problemlər. Azərbaycan Qərbi, xüsusilə Avropa İttifaqını, onun bəzi ölkələrini, Fransanı Ermənistanın yanında görür və Ermənistanın silahlandırılmasında səbəb olaraq göstərir. Azərbaycan bildirir ki, Avropa İttifaqı bölgədə hərbi vəziyyəti eskalasiya edir, bu da məsələni daha da qəlizləşdirir. Ermənistanın təktərəfli Avropa İtiifaqına namizədliyi məsələsinin ortaya qoyulması və təktərəfli dəstəklənməsinin sülh prosesinə zərəri var. Eyni zamanda Ermənistanın kütləvi şəkildə silahlandırılması bölgədə münaqişə risqini hər an artırır. Belə olduğu halda da, Azərbaycanda Avropa İttifaqına, ABŞ - a, ümumiyyətlə Qərbə qarşı inamsızlıq yaradır. Xüsusilə Azərbaycan 5 aprel görüşü ilə bağlı Qərbi açıq şəkildə Ermənistanın yanında olmaqda, inkluziv siyasət yeritməməkdə ittiham edir. Digər tərəfdən, Gürcüstan hakimiyyətinin Rusiya və Çinlə münasibətlərinin yaxşılaşdırlması Avropa ilə münasibətləri pozur. Gürcüstanda əvvəl “rus qanunu” deyilən “xarici agent” adlı qanunlara qarşı etirazlar oldu. Qərb də bu etirazları dəstəkləyirdi. Bununla da Qərblə Gürcüstan hakimiyyətinin münasibətləri pozuldu. İndi nəzərə alsaq ki, Gürcüstanda parlament seçkiləri keçirilir, münasibətlərə yenidən baxılacaq. Gürcüstana yəqin ki, Rusiya və Çindən uzaqlaşıb Qərbə yaxınlaşma çağırışı ediləcək. Ermənistanla bağlı da oxşar vəziyyətdi. Ermənistanda Paşinyan hakimiyyəti çox daha böyük ümidlə yanaşırdı bu məsələyə. Ermənistan gözləyirdi ki, Paşinyana böyük iqtisadi dəstək olunacaq, Ermənistan iqtisadiyyatı dirçələcək, böyük maliyyə yatırımları olacaq. Ermənistan hərbi və siyasi cəhətdən təhlükəsizlik qarantiyası alacaq. Qərbin hər hansı iqtisadi - siyasi hərbi birliklərinə qoşulmaq təklifi gələcək. Birbaşa NATO olmasa da, onun hansısa bir qanadına cəlb olunacaq. Avropa İttifaqının üzvü olmasa da, namizədlik məsələsi ortaya qoyulacaq. Ancaq bu ümidlər doğrulmadı. Sadəcə, 5 apreldə humanitar yardım elan olundu və çox da böyük məbləğdə olmadı. Bu da Ermənistan müxalifətində, cəmiyyətində bir ruh düşkünlüyü yaratdı. Ermənistan müxalifəti də bundan istifadə etməyə qərar verdi. Açıq şəkildə Paşinyana yönəlik belə suallar ortaya çıxdı: Avropa İttifaqı və Qərb bizə heç nə vermirsə, biz nə üçün Rusiyanı itirdik, onunla düşmən olduq və KTMT - ni dondurduq? Rusiya Azərbaycanın qarşısında bizim yanımızda olmadı, bizə yardım etmədi. Yəni faktiki olaraq, Paşinyan hakimiyyətə gələndə Ermənistan xalqı ona iki seçim vermişdi. Rusiyanın yanında olub, Qarabağ iddialarından əl çəkməmək. Digər tərəfdən isə Qarabağ iddialarında əl çəkib, Qərbə inteqrasiya etmək. Paşinyan baxdı ki, Ermənistan Qarabağ müharibəsində uduzdu. Eyni zamanda Ermənistana iqtisadi dirçəliş, əhaliyə sosial rifah gətirə bilmədi. Ona görə də ruh düşkünlüyü yarandı. Paşinyan hakimiyyətinin bununla bağlı narazılıqlarını yəqin ki, Avropa İttifaqı aradan qaldırmağa çalışacaq. Yekunda bölgəyə olunan bu səfər hər üç ölkə ilə fərqli-fərqli müstəvidə siyasəti hansısa şəkildə uğurlu hala gətirmək məqsədi üçündür”.
Məhəmmədəli QƏRİBLİ