BMT ən zəruri bu ərzaqların bahalaşdığını rəsmi təsdiqlədi - bizdə necə olacaq...
Akif Nəsirli: “Bayram ərəfəsində qiymətlərin bahalaşmasının səbəbi inhisarçılıqla bağlıdır”
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq mallarının qiyməti 7 ayda ilk dəfə yüksək həddə çatıb. Məlumata görə, dünya üzrə bitki yağları, süd məhsulları və ətin qiymətində artım qeydə alınıb.
Təşkilat bildirir ki, qiymət artımı pendir və yağın bahalaşması ilə əlaqədardır. Ət qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7% artıb, demək olar ki, bütün ət növləri üzrə qiymətlər artıb.
Maraqlıdır, sözügedən məhsulların Azərbaycanda da bahalaşması gözlənilirmi? Ramazan bayramı ərəfəsində bazarlarda vəziyyət necədir?
“Ramazan bayramının təsiri Novruz bayramının təsiri qədər olmayacaq, əhalinin o qədər də böyük kəsimi bu bayrama əhəmiyyət vermir”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyatdır. İnhisarçı iqtisadiyyatda isə qiymət bahalaşması asandır: “Rəqabətli bazarda sahibkar öz rəqibindən qorxaraq qiyməti qaldırmaq istəmir. Son anda xərclər mənfəətə imkan verməyəndə sahibkar qiymət artımına getmək məcburiyyətində qalır. Ancaq inhisarçı iqtisadiyyatda qiymət artımı adi informasiyadan belə təsirlənə bilir. Bu səbəbdən də inhisarçı bazar mənfəətin genişləndirilməsinə maraqlı olur".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ramazan bayramı ərəfəsində qiymət artımı baş verəcək. Bayram süfrəsində lazım olacaq məhsulların dövriyyəsi artacaq. Dövriyyə artan kimi qiymət artımı da baş verəcək: "Bayram ərəfəsində qiymətlərin bahalaşmasının səbəbi inhisarçılıqla bağlıdır. İnhisarçı iqtisadiyyatla rəqabətli iqtisadiyyatın fərqi var. Təəssüf ki, biz rəqabətli bazarın əksini müşahidə edirik. Bayram ərəfəsində və ya hansısa səbəbdən dövriyyə artarsa qiymət düşməlidir. Ancaq bizdə dövriyyə artırsa dərhal qiymətlər qalxır. Təbii, Ramazan bayramının təsiri Novruz bayramının təsiri qədər olmayacaq. Əhalinin o qədər də böyük kəsimi bu bayrama əhəmiyyət vermir. Hər halda bayram qeyd ediləcək. Bu zaman hansı məhsullara daha çox tələbat varsa, onların dövriyyəsi artacaq. Bu üzdən müəyyən bahalaşmalar müşahidə olunacaq".
Günel CƏLİLOVA