AŞ-nin baş katibi Ermənistanda siyasi məhbusları görmədi...
Qulamhüseyn Əlibəyli: “Avropa Şurası ... görməzdən gəlir”
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanda səfərdə olub. İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.
Baş katib sosial şəbəkələrdəki hesabında danışıqların uğurlu keçdiyini və Avropa Şurasının Ermənistanda islahatlara yardım edəcəyini yazıb.
O da məlumdur ki, Qərb nə qədər maskalamağa, görməzdən gəlməyə çalışsa da, Ermənistanda siyasi məhbus problemi var. Bununla əlaqədar Ermənistan XİN binası qarşısında etiraz aksiyası keçirilib. Onlar İrəvanda səfərdə olan Avropa Şurasının baş katibindən Ermənistandakı siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr təşkil etməyi və ölkə hakimiyyətinin siyasi məhbuslarla bağlı qərar qəbul etməsini tələb ediblər. Ümumilikdə, son aylar ölkədə nə qədər müxalif şəxslərin siyasi motivlərlə həbs edildiyi iddia olunur. Ancaq Avropadan gələn nümayəndələrin Ermənistanda son həftələrdə siyasi məhbuslarla bağlı ictimai etirazlara ümumiyyətlə reaksiyası yoxdur. O baxımdan bu, Ermənistana siyasi yanaşmalarda ikili standartın bir daha mövcud olduğunu ifadə edirmi?
“Avropa qurumları özlərini elə aparır ki, sanki Paşinyan hakimiyyətə gələndən sonra bu ölkədə siyasi məhbus yoxdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Avropa Şurası bütövlükdə bir qurum kimi və onun ayrı-ayrı rəsmi üzvləri, bütün məsələlərdə olmasa da, əksər siyasi xarakterli məsələlərdə Azərbaycanla Ermənistana fərqli mövqe sərgiləyirlər: “Daim bu ikili standartlar davam edib. Azərbaycanla Ermənistan AŞ-yə eyni vaxtda daxil olsa da, vaxtaşırı olaraq bu ölkələrdə demokratik vəziyyət müzakirə olunub. İnsan hüquqlarının vəziyyəti, siyasi məhbuslarla bağlı vəziyyət və s. müzakirə olunub. Ancaq bütün hallarda həmişə hiss olunub ki, Ermənistana xüsusi yanaşmalar var. Azərbaycana gəldikdə isə, hər zaman çalışıblar ki, ölkəmizin üzərinə daha çox öhdəlik qoysunlar. Təsəvvür edin ki, ilkin dövrlərdə Ermənistanla bağlı 2-3 siyasi məhbusun işinə baxılırdı. Azərbaycanla bağlı isə 800 nəfərdən çox siyasi məhbusun siyahısı ilə bağlı məsələ AŞPA-da müzakirə olunurdu. Düzdür, bu halda Azərbaycandan göndərilən siyahılar da əhəmiyyət kəsb edirdi. Yəni Ermənistandan az, Azərbaycandan çox siyahı göndərilirdi. Ancaq bütün hallarda Azərbaycanla bağlı məsələlərdə ikili standartlar daha çox özünü göstərirdi. Son dövrlərdə də biz bunu görürük. Avropa qurumları özlərini elə aparır ki, sanki Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda siyasi məhbus yoxdur. Halbuki, son dövrlərdə ölkədə siyasi motivlərlə yüzlərlə insan həbs olunub. Ancaq Avropa Şurası Ermənistanda siyasi məhbusları görməzdən gəlir. Həmin ikili standartların nəticəsidir ki, Ermənistanla bağlı məsələlər müzakirə müstəvisinə çıxarılmır. Ancaq Azərbaycandan hər hansı bir məlumat gedən kimi dərhal fəaliyyətə keçirlər. Bütün bunlar AŞ-nin öz dəyərlərindən kənara çıxmasının göstəricisidir. Faktiki olaraq, AŞ lazımsız bir quruma çevrilir”.
Vidadi ORDAHALLI