100 il davam etmiş saxta erməni genosidi iddialarını səngidən tək səbəb var...
Akif Nağı:”Hər şeyin mərkəzində Azərbaycanın Qarabağdakı qələbəsi dayanır”
Görünən budur ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra dünya ermənilərinin bəzi saxta iddialarına da son qoyulub. 100 ildir davam edən Ermənistanın Türkiyəyə qarşı soyqırımı konsepsiyası məhz Qarabağ zəfəri ilə zəiflədildi.
Bu gün Ermənistanda “soyqırım”la bağlı iddialar artıq əvvəlki kimi aktual deyil. Azərbaycanın təkidi ilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi istiqamətində atılan addımlar həm də Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi deməkdir.
Belə bir nəticənin əldə olunmasında Azərbaycan-Türkiyə ittifaqının inamlı əzmi, birgə fəaliyyəti hansı rolu oynadı?
Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ diqqətçəkən mövzulardandır:
“Bu məsələ diqqətçəkən məsələlərdəndir. Hər il aprelin 24-ü ərəfəsində onlar hay-küy salıb, müxtəlif aksiyalar keçirirdilər. Ancaq yavaş-yavaş başa düşürlər ki, mənasız bir işdir, onlardan alət kimi istifadə edirlər. Bu proses 1965 - ci ildən başlayıb. O vaxt SSRİ rəhbərliyi qərara gəldi ki, Türkiyəni cəzalandırsınlar. Çünki Türkiyənin Amerika ilə müttəfiqlik əlaqəsi vardı, öz ərazisində Amerikanın hərbi bazasının yaradılmasına imkan vermişdi. Türkiyəni cəzalandırmaq üçün bir təzyiq forması kimi bu iddianı ortaya atdılar. ABŞ rəhbərləri hər dəfə qondarma “erməni soyqırımının” qəbulu ilə bağlı məsələni qaldıranda, Türkiyə narahat olurdu, müəyyən addımlar atırdı. Nəhayət, Co Baydenin vaxtında o, dırnaqarası soyqırım ifadəsini işlətdi və heç nə dəyişmədi. Ermənilərin planı belə idi ki, guya Amerika bu şəkildə tanıyandan sonra Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq, məhkəmə prosesləri gedəcək, bir sözlə Türkiyəni çökdürəcəklər. Ancaq məlum oldu ki, Türkiyə o qədər güclüdür ki, ona qarşı məhkəmə prosesinin başlanması da mənasızdır. Ermənilər, Paşinyan başda olmaqla, başa düşdülər ki, bu illər ərzində onlarla yalnız oynayıblar, alət kimi istifadə ediblər. İndi də Türkiyənin ərazisində proses gedir, Türkiyəyə qarşı iddialarından geri çəkilirlər. Ermənistanda da dəyişiklik lər gedir. Azərbaycanın Qarabağ qələbəsindən sonra da çox şey dəyişib. Həm Azərbaycana, həm Türkiyəyə münasibət dəyişdi. Hər iki ölkənin qələbəsi kimi baxıldı bu qələbəyə. Regionda Türkiyənin nüfuzu daha da artdı. Amerika da, Avropa da, Rusiya da qəbul edir ki, Türkiyənin regionda lider rolu var, Türkiyə ilə hesablaşırlar. Hesablaşma varsa, demək Türkiyəyə qarşı olan iddialarını geri çəkməlidirlər. İndi çalışırlar, heç vaxt hadisələrə düzgün qiymət verə bilməyən ermənilərdən yenidən Azərbaycana qarşı alət kimi istifadə etsinlər. Ermənilərin Qarabağı tərk etməsindən istifadə edirlər, Azərbaycanda həbsdə olan separatçı, terrorçu rejimin nümayəndələri ilə bağlı məsələ qaldırırlar. Ermənilər başa düşmürlər ki, yenə də ortada alət kimi istifadə olunurlar. Ancaq Türkiyə ilə Azərbaycan bu məsələlərin qarşısını alır. Əvvəlki ajiotaj hiss olunmur. Atacaqları hər hansı addımın faydası da olmayacaq. Hər şeyin mərkəzində Azərbaycanın Qarabağdakı qələbəsi dayanır”.
Məhəmmədəli QƏRİBLİ