Azərbaycanın suverenlik prinsipi BQXK-nın Xankəndi ofisi üzərində də qələbə çaldı...
Tural İsmayılov: “Bu, Azərbaycanın qələbəsi və haqqıdır"
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi bağlanıb. Ofis fəaliyyətini Bərdə şəhərində davam etdirəcək.
Qeyd edək ki, bu ofisin Xankəndidəki fəaliyyəti uzun müddət rəsmi Bakı tərəfindən etirazla və narahatlıqla qarşılanırdı. Çünki o, BQXK-nın Bakıdakı nümayəndəliyinin deyil, İrəvandakı nümayəndəliyin tabeliyində fəaliyyət göstərirdi. Azərbaycan tərəfi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə zidd olan bu yanaşmanın aradan qaldırılmasını tələb edirdi.
“Təmir-bərpa işləri bitdikdən, əhalinin yaşayışı üçün şərait yaradıldıqdan sonra müvəqqəti olaraq Bərdə şəhərinə köçən Qızıl Xaç Komitəsinin ofisi Xankəndidə fəaliyyətini davam etdirəcək”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi narazılığa səbəb olurdu: “Çünki Qızıl Xaç Komitəsi separatçıların olduğu dövrdə aktivlik göstərə bilməyib. Sonrakı dövrlərdə Xankəndidə olan məlum ofis xoş olmayan münasibətlərə şərait yaradırdı. Məlum idi ki, bu ofis Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan şöbəsi kimi fəaliyyət göstərirdi. Təbii ki, bu da uyğun deyildi. Çox ciddi narazılıq və narahatlığa səbəb olurdu”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi regionda şərtləri dəyişdirdi: "Artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan filialı fəaliyyət göstərməli idi. Bu, ölkəmizin uğuru, qələbəsidir. Məlumdur ki, hazırda Xankəndidə bərpa işləri həyata keçirilir. Təmir-bərpa işləri bitdikdən, əhalinin yaşayışı üçün şərait yaradıldıqdan sonra müvəqqəti olaraq Bərdə şəhərinə köçən Qızıl Xaç Komitəsinin ofisi Xankəndidə fəaliyyətini davam etdirəcək. Bu, Azərbaycanın qələbəsi və haqqıdır".
Günel CƏLİLOVA