Ohanyan və Köçəryan Ermənistan parlamentində delimitasiya müzakirələrinə buraxılmadı
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və bir sıra müxalif deputatlar parlamentdə delimitasiya məsələləri üzrə qapalı müzakirələrə buraxılmadı. Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, müzakirələrdə iştirakına icazə verilməyən deputatlar arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu qadağanı sözügedən deputatların məxfi materiallara çıxış icazəsinin olmaması ilə izah edib.
Zalda qalan deputatlardan telefonlarını təhvil vermələri istənilib, jurnalistlər isə zalı tərk edib.
Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.