Türk mədəni-ictimai birliyinin yorulmaz carçısı
Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Ulu çinar” jurnalının son nömrəsi 60 yaşı tamam olan filosof alim, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Cavanşir Feyziyevə həsr edilib. Birliyin Natəvan klubunda bununla bağlı təqdimat mərasimi keçirilib.
Görüşü AYB-nin sədr müavini Rəşad Məcid açaraq, yubilyarın türk birliyi ideyasının yorulmaz təbliğatçısı olduğunu bildirdi.
AYB sədri, Xalq yazıçısı Anar Cavanşir Feyziyevi yubileyi münasibətilə təbrik etdi, onun Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə yeni yaranan işçi qrupunun rəhbəri seçildiyini və bundan sonra türk birliyi naminə daha fəal çalışacağına inamını ifadə etdi. Anar, həmçinin Cavanşir Feyziyevi AYB-nin Fəxri diplomu ilə təltif etdi.
Sonra məclisin aparıcısı, fondun yaradıcısı və “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal Qaraxanlı qələm dostunun ictimai və elm xadimi kimi mədəniyyətimizin inkişafına göstərdiyi xidmətləri yada salaraq bildirdi ki, AYB rəhbərliyinin təklifi ilə Cavanşir Feyziyev Mahmud Kaşqari adına Beynəlxalq Fonda prezident təyin olunub və özünün indiyədək daşıdığı bu vəzifədə son missiya olaraq, Fondun “Mahmud Kaşqari” medalını yubliyara təqdim etdi.
Milli Məclisin deputatları Səməd seyidov, Hikmət Babaoğlu və Etibar Əliyev, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Asif Məhərrəmov adına Milli Qəhrəmanlar İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov öz çıxışlarında yubilyarın fəaliyyəti və yaradıcılığını yüksək dəyərləndirdilər və ona ən xoş arzularını çatdırdılar.
Daha sonra “Ulu çınar” jurnalının yubiley sayında Cavanşir Feyziyev haqqında yazıları dərc olunan tanınmış qələm sahibləri və alimlər – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologoya elmləri doktoru Mərziyyə Nəcəfova, kulturoloq alim Rahid Ulusel, tanınmış tənqidçi Əsəd Cahangir, jurnalist Aida Eyvazlı, şair Əkbər Qoşalı və başqaları ürək sözlərini söylədilər, onun ictimai xadim, filosof, yazıçı, tərcüməçi, yüksək amallı ideya daşıyıcısı kimi yaradıcı məziyyətlərindən danışdılar. Qeyd olundu ki, Cavanşir Feyziyevin beşçildlik “Türk dünyası” toplusu, bir neçə dildə çap edilmiş “Türk dövlətləri birliyi”, “Sülh fəlsəfəsi”, digər monoqrafiya və kitabları yetərincə sanballı nəşrlərdir. Natiqlər jurnalın təqdim olunan sayını Cavanşir Feyziyevin yubileyinə layiqli töhfə kimi yüksək dəyərləndirdilər.
C.Feyziyev mərasimin sonunda fəaliyyətinə və yaradıcılığına verilən qiymətə görə hər kəsə dərin minnətdarlığını bildirdi və bundan sonra da Vətən elm və mədəniyyətimizin tərəqqisi naminə əlindən gələni edəcəyini vurğuladı.
XQ