Baş nazirin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qeyd edilib ki, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti, 2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Mətləb Salahov