Ermənistan görsün - son 2 ildə Ukrayna hələ belə xəyanət görməmişdi...
Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya uzunmənzilli raketlərlə intensiv bombardman kampaniyasını davam etdirdiyi halda, Ukraynanın hava hücumundan müdafiə raketlərinin tükənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ukrayna liderinin ölkəsinin hava hücumundan müdafiəsi ilə bağlı vəziyyətin pisləşməsinə dair bugünə qədər etdiyi ən sərt xəbərdarlıq Rusiyanın geniş raket və dron arsenalından istifadə edərək, həftələrdir Ukraynanın energetika sisteminə, şəhər və qəsəbələrinə hücumlarından sonra edilir. Zelenski bu fonda qeyd edib: “Əgər onlar ötən ayda olduğu kimi hər gün də zərbələr endirməyə davam etsələr, bizim kifayət qədər raketimiz olmaya bilər və tərəfdaşlarımız da bunu bilir”.
Müttəfiqlərini həftələrdir təcili olaraq daha çox hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə çağıran Zelenski Ukraynanın hazırda vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyata malik olduğunu, lakin nəyin müdafiə ediləcəyi ilə bağlı artıq çətin seçimlər etməli olduğunu deyib. O, “Patriot” zenit-raket komplekslərinə ehtiyac olduğunu xüsusi qeyd edib və bildirib ki, Ukraynaya 25 belə sistem lazımdır. ABŞ-ın müasir raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri Rusiyanın hədəfləri bir neçə dəqiqə ərzində vura bilən ballistik və hipersəsli raket hücumlarını dəf etmək üçün həyati əhəmiyyət kəsb edir. Son aylarda döyüşlərin dinamikasında Ukraynanın xeyrinə olmayaraq dəyişdiyi müşahidə edilir və Kyiv Qərb tərəfindən, xüsusən də ABŞ-dan hərbi yardımın səngidiyi ilə qarşılaşıb. Zelenski bu fonda vurğulayıb ki, Kiyev ABŞ-da seçki prosesinin girovuna çevrilib. Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi ABŞ üçün daxili siyasi məsələyə çevrilib: “Amerika yardımına gəlincə, bu, istənilən halda mühüm əhəmiyyət kəsb edir. Mən hələ də ABŞ Konqresindən müsbət səs ala biləcəyimizə inanıram. Təəssüf ki, biz girovdayıq, çünki bu, seçki prosesidir, bunlar ABŞ-da seçkilərdir. Buna baxmayaraq, inanıram, işləyirəm və ümid edirəm ki, o şüurlu düşüncə yenə də qalib gələcək”. Zelenski bildirib ki, yardımın ayrılması üçün müxtəlif variantlar nəzərdən keçirilir, o cümlədən yardımın Kiyevə kredit formasında təqdim edilməsi: “Bilirsiniz, bu yaxınlarda bir senator mənə dedi: “Pulu kredit kimi almağa razılaşarsınızmı? Məsələn, sizə desələr ki, ya pul kreditdir, ya da almayacaqsan”. Cavab verdim: “Gəlin açıq danışaq, istənilən variantla razılaşacağıq”. Amma bu formada da Ukraynaya yardımlar gecikir. “Forbes” jurnalı isə yazır ki, mərmi çatışmazlığı Ukrayna silahlı qüvvələrinin Rusiya hərbçilərini atəşə tutmasına mane olur. Nəşr qeyd edib ki, ABŞ yardımının dayandırılması ilə Ukrayna artilleriya batareyaları atılan mərmilərin sayını 6 mindən 1000-ə endirib. Sursat çatışmazlığı səbəbindən bir çox hallarda Ukrayna qoşunları rus hücum qruplarını aşkar etmələrinə baxmayaraq, onları vura bilmir. Həmçinin bildirilib ki, Ukrayna silahlı qüvvələrinin Avdiivkadan geri çəkilməsinə də sursat çatışmazlığı səbəb olub. Bundan başqa, hava hücumundan müdafiə raketləri yoxdur və döyüşdə zədələnmiş texnikanın təmirində gecikmələr var. Amma Qərbin Ukraynaya xəyanət siyasəti təkcə bununla məhdudlaşmır. “The American Conservative” jurnalı yazır ki, ABŞ administrasiyası və NATO-nun müttəfiq dövlətlərinin hakimiyyət orqanları yaxşı bilirlər ki, Ukraynanın alyansa daxil olması heç vaxt baş verməyəcək: “ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın NATO-ya üzv olacağını yenidən təkrarladı. Bu mənasız, demək olar ki, teoloji jestdir - az qala bütpərəst himnlərin hazırlanması kimi. Blinken vədinin yerinə yetirməyəcəyini bilir. Avropalı müttəfiqlər də bunun doğru olmadığını bilirlər. Amerikalıların əksəriyyəti ya Ukrayna ilə maraqlanmır, ya da fəal şəkildə Avropa işlərinə daha çox qarışmağa qarşı çıxır. NATO üzvlüyünü Ukraynanın qarşısında bayraq kimi sallamaq, xüsusəndə alyansın 2008-ci il Buxarest sammitindən sonra alyansa qoşulmasına icazə vermədiyi və gələcəkdə də imkan verməyəcəyi halda, çox kinli bir davranışdır. Arqument ondan ibarətdir ki, NATO üzvləri Ukraynanı yalnız mövcud təhlükəsizlik problemini həll etdikdən, yəni müdafiəyə ehtiyac qalmayandan sonra alyansa qəbul edəcəklər. Bu, hər hansı sağlam düşüncəli insan üçün absurd səslənir. Bu o deməkdir ki, bu həyatda təhlükəsizlik məsələsi həll olunmayacaq və ölkə ərazisində vəziyyət dondurulmuş münaqişə olaraq qalacaq. Ukrayna üçün təpələrin arxasında heç bir NATO süvariləri görünməyəcək. Bizim edə biləcəyimiz ən yaxşı şey Ukrayna və Gürcüstanı Soyuq müharibə dövründə Avstriya kimi neytral bufer zonalarına çevirməklə kompromis tapmaqdır. Lakin bunun üçün Vaşinqtonun bəzi sərt həqiqətləri etiraf etmək və strateji düşüncə ilə yanaşı cəsarətli rəhbərliyinə ehtiyacı var”.
Bunlar fonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov qeyd edir ki, belə vəziyyətdə Rusiya qoşunlarının yeni hücumu yazın sonu, yayın əvvəlində gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdır və onların Donetsk vilayətinin Çasiv Yarına qədər irəliləmələri istisna olunmur. Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində, xüsusən də Donbasda Rusiya hücumunun artması gözlənilir. Beləliklə, Qərbin Ukraynanı qurban etməsi ilə bağlı deyilənlər özünü tam doğruldur. İndi maraq doğuran hal digərlərinin, məsələn, Ermənistanın bundan nəticə çıxarmamasıdır. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) lideri Leonid Slutski bu fonda qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Ukrayna yolu ilə aparır. Onun sözlərinə görə, Paşinyanın İrəvanı Ukrayna yolu ilə aparması Ermənistan-ABŞ-Avropa İttifaqı formatı inkişaf etdikcə daha aydın görünür: “Qərbin Kiyevin müharibəsində uğursuzluqları fonunda Vaşinqton və Brüssel Rusiyaya qarşı yeni poliqonlar axtarır. Və görünür, qərblilərin baxışları getdikcə daha çox əvvəlcə Moldovaya, sonra isə Ermənistana düşməyə başladı. İrəvandakı hazırkı hakimiyyət başa düşürmü ki, Avroatlantik şahinlərin vəd etdiyi dəstək və yardım Rusiyanı zəiflətmək planını canlandırmaq cəhdindən başqa bir şey deyil? İndi bu, Ermənistan xalqının milli maraqları və Cənubi Qafqazda sabitliyin pozulması perspektivi bahasına başa gələcək”. O əlavə edib ki, bu cür yardım suverenliyin itirilməsi, vətəndaş müharibələri və mülki insanların itkiləri, iqtisadi böhranlar və humanitar fəlakətlərlə nəticələnir. Hazırda Qərb Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq üçün Ermənistan üzərindən yeni bir plan formalaşdırır. Ermənistanın bu addımı təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, İrana, Rusiyaya, ümumiyyətlə regionda güclər balansını pozmağa yönəlmiş destruktiv fəaliyyətdir. Qərbin planı da Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açmaqdır. Amma Ukrayna siyasəti Qərbin bu yanaşmasının sonda nə ilə nəticələnəcəyini də dəqiq göstərir.
Nahid SALAYEV